Rəşad Sadıqov: "Hücumçu mütləq gəlməlidir, başqa variant yoxdur"

01:52 19 İyul 2018

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Olimpiya" ilə cavab oyunundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- Qarşılaşma haqda fikirlərini bilmək istərdik.
- Rəqib yaxşı komanda idi. Gözəl oyun nümayiş etdirdilər. Bizim uşaqlar da sona qədər mübarizə apardılar. Əllərindən gələni etdilər ki, qol buraxmayaq. Bəzi şeylər düşündüyümüz kimi alınmadı. Daha çox hücum etməliydik. Özünüz də gördünüz ki, bu gün rəqib də buna imkan vermədi. Həmişə yaxşı oyunla nəticə əldə olunmur. Mərhələni keçmək çox önəmli idi".

 

- Əvvəlki "Qarabağ"ı görmək üçün nə lazımdır?
- O “Qarabağ” illərlə qurulmuşdu. O komandanı yenidən qurmaq çətin olacaq. Yeri gələndə 10 nəfərlə “Çelsi” ilə oyunda top saxlayırdıq. Bu tip şeyləri bir müddət görməyə bilərik. 

 

- Tez-tez müdafiəçilərə öz iradlarını bildirirdin..
- Geryeyə 1-2 epizodda dedim ki, diqqətli olsun. Arxaya atılan toplarda diqqətli olmasını istədim. Donald bu gün ən yaxşı oyunlarından birini keçirdi. Düşünürəm ki, belə davam etsə, onu da itirə bilərik, harasa transfer ola bilər.

 

- Növbəti rəqib "Kukesi"dir. "Qarabağ"dan nə gözləmək olar? Artıq çoxları komandanın 3-cü mərhələdə olduğunu düşünür...
- Xeyr. Şükürlər olsun ki, komandamız bu şeylərə getmir. Səfər oyununda da komandamız qələbə qazansa da, rahatlaşmadı. Mərhələni keçə bilməsəydik, bizə psixoli cəhətdən çox pis təsir edəcəkdi. Biz qətiyyən 3-cü mərhələni düşünmürük. Bizi ancaq 2-ci mərhələni keçmək düşündürür. 


- Hücumçu transferi olacaq?
- Mütləq gəlməlidir, başqa variant yoxdur, axtarılır. Amma nə səviyyədə olacaq, bunu bilmirəm. Açığı, bəlkə də 10 nəfər hücumçu ilə danışıq aparılıb, razılaşdırıb, amma sonda transfer baş tutmayıb. 

 

- Danışıq aparılanlar arasında tanınmış hücumçular var ?

- Hazırda kiminlə danışıq getdiyini bilmirəm. Əvvəl çox tanınmış, səviyyəli hücumçular olub ki, son anda çempionatımıza görə Azərbaycana gəlmək istəməyiblər.

 

- Final fitindən sonra baş verənlərlə bağlı danışardın...

- Onların futbolçusu Ozobiçin üstünə top atdı. Mən tez ayırdım ki, bizim onsuz da oyunçumuz azdır, kimisə itirməyə lüzum yoxdur.

 

- Mahir Mədətov bu gün zəif təsir bağışladı. Bunun səbəbi nədir?

- Ümumiyyətlə, tək-tək kiminsə oyunu haqda danışmaq istəmirəm. Həqiqətən də çox stressli oyun idi. Bu gün mənim üçün vacib olan nəticə idi. Mərhələni keçə bilməsək, bunun bizim üçün necə ağır zərbə olacağını bilirdim. Ümumən sonadək mübarizə apardıqlarına görə bütün komanda yoldaşlarımdan razı qaldım.


Digər xəbərlər

Xəbər xətti