“Qarabağ” güclü rəqibdir. Buna baxmayaraq, hər iki oyunda meydana qələbə üçün çıxacağıq”.
Qol.az-ın Albaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində rəqibi “Kukesi”nin müdafiəçisi Albi Alla deyib. Ağdam klubu ilə oyunlar öncəsi iddialı danışan 25 yaşlı futbolçu ÇL-da qrup mərhələsinə yüksəlmək istədiklərini bildirib:
“İnanıram ki, bu oyunda bəxt və Tanrı bizimlə olacaq. Bu yolla turu keçəcəyik. Qarşıdakı hər iki matçda hədəfimiz dəyişməzdir. Qələbə qazanmaq istəyirik. Amma hər oyunu ayrılıqda düşünmək lazımdır. Sonra isə hara gedəcəyimizə baxmaq olar. Çempionlar Liqasında uğurlu çıxış edib, qruplara qalmaq istəyirik”.
Alla “Kukesi”nin prezidenti Safet Qicinin birinci təsnifat mərhələsinin Malta “Valletta”sı ilə oyunlarından əvvəl vəd etdiyi 100 min avroluq mükafatı verməmək üçün göstərdiyi səbəblərə də münasibət bildirib:
“Turu keçməyimiz komanda və futbolçular üçün yaxşı haldır. Ümid edirəm ki, bunun davamını gətirəcəyik. Yeni komandayıq, günü-gündən kollektiv bir-birinə uyğunlaşır. Kunqunun gəlişi vəziyyəti hər mənada düzəldib. Müasir futbolda nəticə önəmli amildir. Bir neçə il öncə “Kukesi” baxımlı futbol sərgiləsə də, mərhələ keçə bilmirdi. Məncə, əsas məsələ bunu bacarmaqdır. Komandanın oyun üslubunu yaxşılardırmaq baş məşqçinin işidir. Mənim vəzifəm meydana çıxanda bütün gücümü ortaya qoymaqdır”.
Qeyd edək ki, “Qarabağ”la “Kukesi” arasında ilk oyun iyulun 25-də Albaniyada keçiriləcək. Cavab matçı isə avqustun 1-də Bakıda olacaq. Hər iki qarşılaşma 21:00-da başlayacaq.