21 yaşlılardan ibarət Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün "Bursaspor"dakı taleyinə aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, "timsahlar"ın baş məşqçisi Samet Aybaba heyətdəki gənc futbolşularla bağlı qərarını verib. Təcrübəli mütəxəssis təlim-məşq toplanışından sonra komandada kimi saxlayıb, kimi göndərəcəyini açıqlayıb.
Aybaba gənc futbolçulardan Burak Kapacak, Muhammed Əmir Sarıkaya və Furkan Əmrə Ünvərin komandada qalmasını istəyib. O, performanslarından məmnun qalmadığı Gürkan Səfil, Berat Conatan Ustabaşı, Alpər Adəmoğlu, Əmirhan Aydoğan və millimizin üzvü Ozan Can Kökçünün isə başqa komandalara icarəyə verilməsi ilə bağlı göstəriş verib.
Qeyd edək ki, "Bursaspor"la 2021-ci ilə qədər müqaviləsi olan Ozancan Kökcü ötən mövsüm qış fasiləsindən sonra Hollandiyanın "Valveyk" klubuna icarəyə verilmişdi.