“Barselona”nın “Bordo”dan braziliyalı yarımmüdafiəçi Malkomu transfer etdiyini xəbər vermişdik. Malkom “Roma”ilə anlaşsa da, Kataloniya təmsilçisi son anda araya girərək, futbolçunu “Barsa”ya keçməyə razı salmışdı.
Sportarena.az xəbər verir ki, Malkomun “Barsa”ya keçidindən sonra “Roma” və Kataloniya təmsilçisi arasındakı “soyuq müharibə” davam edir. Paytaxt klubunun prezidenti Ceyms Palotta, “Barselona”nın düzgün etmədiyini, yalnız Lionel Messini “Roma”ya verəcəkləri halda onları bağışlayacaqlarını açıqlamışdı.
“Roma”nın “tvitter” hesabından isə Messiyə aid paylaşım edilib. İsveçin məşhur pərakəndə satış şirkətlərindən birinin yük qutusunun şəklini paylaşan romalılar, qutunun üzərinə "Messi" yazaraq, “Sadəcə, bunu sifariş etmişdik” ifadəsini işlədiblər.
Roma klubunun bu paylaşımı, qısa zaman içərisində minlərlə izləyici tərəfindən bəyənilib.
Qeyd edək ki, iyulun 23-də “Bordo” və “Roma” Malkomun transferi ilə bağlı razılıq əldə etdiklərini bldirmişdilər. İyulun 24-də isə futbolçu 41 milyon avroya “Barselona”ya keçib.