“Qarabağ” bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Kukesi”ni (Albaniya) qəbul edəcək.
Sportarena.az xəbər verir ki, “Qarabağ”ın sabiq futbolçusu, hazırda “Kukesi”də idman direktoru kimi çalışan Nderim Nedzipi oyundan əvvəl maraqlı açıqlamalar verib. “Panorama Sport”a danışan Nedzipi bunları deyib:
"Vacib oyuna çıxacağıq. Bakıda 20-25 min azarkeşin önündə oynamaq çətin olacaq. “Qarabağ”a böyük dəstək var. İlk matçda qapımızı toxunulmaz saxlaya bildik. Bu oyunda da özümüzə inanırıq. "Qarabağ"ın favorit olduğunu daha öncə də demişdim. Amma Bakıda qol vurmağı bacaracaq keyfiyyətli komandamız var. Futbolçular da özlərinə inanırlar. Bu oyuna ümidimiz böyükdür. İlk oyunda sona qədər mübarizə apardıq və qol da vura bilərdik. İlk oyunda 1:0 hesablı qələbə qazanıb Azərbaycana gəlsəydik, daha yaxşı olardı. İnanıram ki, Bakıda bir qol vurub, mərhələ adlaya bilərik. Prezidentimizdən tutmuş hər bir futbolçuya kimi buna inanır. "Qarabağ"ın gücünə bələdik, amma mərhələni keçə bilərik”.
Sabiq futbolçu “Qarabağ”la qarşılaşmada əks-hücumlara bel bağlayacaqlarını bildirib:
"Qarabağ"ın hücumlarının qarşısını almaq üçün hər şeyi edəcəyik. Bu komandaya yaxşı bələdəm. Mərhələ keçmək üçün sona qədər inanmalı və mübarizə aparmalıyıq. Ümid edirəm ki, "Qarabağ"ı Bakıda təəccübləndirəcəyik. Rəqibimiz oyunun start fitindən sonra irəli atılacaq. Biz isə öz fürsətimizi gözləyəcəyik. Əks-hücumlarda rəqibi cəzalandırmaq üçün çalışacağıq”.