"Oyun izləmək üçün stadionda olacağam. "Kukesi" üçün çətin olacaq, amma futbolda heç nəyi əvvəlcədən bilmək olmur".
Sportarena.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin yarımmüdafiəçisi Sabien Lilay Albaniyanın “Panorama Sport” nəşrinə açıqlamasında deyib. Yay fasiləsində “Skenderbeu”dan “qırmızı-qaralar”a keçən 29 yaşlı futbolçu Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”la “Kukesi” arasında bu gün keçiriləcək cavab oyunu öncəsi şansları dəyərləndirib:
“Bir neçə dəqiqə öncə “Kukesi”nin futbolçuları ilə görüşdüm. Atmosfer yaxşı idi, oyunçular nikbin görünürdülər. Oyun vaxtı dostumla stadionda olacağam. Çətin olsa da, inanıram ki, “Kukesi” rəqibini məğlub edəcək. O ki qaldı proqnoz verməyə, əvvəlcədən danışmağı xoşlamıram. Sadəcə, “Kukesi”nin futbolçularına demək istəyirəm ki, mən onlarlayam”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Kukesi” matçı saat 21:00-da başlayacaq. Komandalar arasında ilk oyun qolsuz başa çatıb.