Qurban Qurbanov: "Nəticəni daha da gözəlləşdirən azarkeşlər idi"

00:01 2 Avqust 2018

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında Albaniyanın “Kukesi” klubunu məğlub edərək (3:0), növbəti mərhələyə yüksələn “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb

 

Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:

 

- Azarkeşlərə təşəkkür etmək istəyirəm. Nəticəni daha da gözəlləşdirən azarkeşlər idi. Futbolçuları təbrik edirəm. Nə cür hazırlaşmışdıqsa, elə də oynadıq. Bir iki epizodu çıxmaq şərti ilə. Rəqibə uğurlar arzuayıram. Bu oyun heç də asan olmadı. Qalib gəldik. Cəmi 5 gün vaxtımız var. Növbəti oyuna hazırlaşmalıyıq. Təcrübəli komandaya qarşı oynayacağıq. Buna baxmayaraq, çalışacağıq ki, qarşıdaki 5 günü düzgün dəyərləndirək.

 

– Emeqaranın penalti qaçırması ona psixoloji təsir etməyəcək ki?

– Oyundan əvvəl belə məsələləri müəyyən edirik. Bu gün Daninin oynaması dəqiq bilinmirdi. İkinci penaltidə özüm müdaxilə etdim ki, penatini Dani yerinə yetirsin. O da soyuqqanlı qarşıladı. Təcrübəli oyunçudu. Məncə bu haqda danışmağa ehtiyac yoxdu.

 

– Rəqiblə bağlı nə deyə bilərsiniz?

– BATE haqqında açığı heç bir məlumatım yoxdu. İnformasiya əldə etməmiş danışmaq da istəmirəm. Sabahdan bütün diqqətimi rəqibə yönəldəcəm. Ciddi rəqibə qarşı oynayacağıq.

 

– Bu qələbəni Allahverdi Bağırova həsr etmək olarmı?

– Həsr etməkdə heç bir problem yoxdu. Mən dəfələrlə demişəm ki, biz belə insanlar üçün oynayırıq. Çünki onların sevinəcək başqa hadisəsi yoxdu. Belə qələbələr olduqca, onlar da sevinir. Bilməzsiniz ki, məğlubiyyət mənə necə təsir edir. Elə insanları da üzmüş oluram. Bu qələbəni də bütün qarabağlılara, azərbaycanlılara həsr edirəm. Hər bir qəhrəmanımız qəlbimizdədi. Bütün azarkeşlərimizi də çox istəyirik. Nəticələrimizlə onların hörmətini saxlamağa çalışmışıq. Bizim pillə-pillə qalxmağımız qəhrəmanlarımızın da ruhunu şad edəcək.

 

– Xeyli qol epizodu da qaçırıldı. Bu nə ilə bağlıdı?

– Çox vaxt belə epizodlarda oyunçular istifadə edirlər, edə bilirlər. Ancaq özünüz də görürsüz ki, həyəcan var idi.

 

– Mahir Mədətov hiss olunur ki, oynadığı mövqedən narahatdı…

– Onun bugünki bir neçə epizodu əsl hücumçuya xas xüsusiyyət idi. Belə epizodlar oyun ərzində bir neçə dəfə olursa, bu məni qane edir. Mənə məsələn, Mahir bu gün qürur verdim. Bəzi epizodlarda özünü hücumçu kimi hiss etdirə bildi. Sadəcə o, qol vurmadı deyə pis olmuşdu. Mən özünə dedim. Qol vursaydın, heç bu qədər sənə dəstək olmazdılar.

 

– Qarşıdan BATE ilə oyun gəlir. Transfer çalışmaları gedirmi?

– Yenə axtarışdayıq. Futbolçulara baxırıq. Hələ axtarışlarımız bitməyib. Alınsa, yeni transfer görə bilərsiniz. Hücum xəttinə də axtarışlar gedir. Orta xəttə də futbolçu transfer etməyi düşünürük. Müdafiəni də qeyd edə bilərəm. Ancaq hansı alınacaq, onu deyə bilmərəm. Səbr etmək lazımdı

 

– Halldorson sanki hazırda kölgədə qalıb…

– Düşünürəm ki, belə yanaşma düzgün çıxmaz. Bilirsiniz ki, ilk gələndə zədəli idi. Qarşıdaki oyunlarda da, oynamaq ehtimalı var. Hər bir qapıçı mənim üün dəyərlidi. Ötən ildə də bəzi rotasiyalar etmişik. Hər bir qapıçımın oynamaq ehtimalı var. Bu gün start heyətdə olan oyunçunun növbəti oyunda da startda olmasına heç kim zəmanət vermir. Növbəti oyunlara baxacağıq.

 

– Rəşad Sadıqov milliyə qayıdacaqmı?

– Ölkədə futbolçu çatışmazlığı var. Ruslanın zədələnməsi bizim planlarımıza uyğun deyildi. Bu barədə heç bir qərar verməmişəm. Bu mövzuda narahatam. Rəşadın qayıdıb-qayıtmaması barədə düşünməmişəm. Özü də deyib ki, çox vacib lazım olsa, qayıdacaq. Ancaq ümumiyyətlə, bizim aramızda belə söhbət olmayıb.

 

– Stadion sıradan çıxıb. Düşünmürsüz ki, bu BATE ilə oyunda problem yaradacaq?

– 4 gün bundan əvvəl daha pis idi. Narahat idim. Düşünürəm ki, həmin oyuna qədər ot örtüyü ən azından olduğu kimi qalacaq. Onlar da çalışırlar. İş görürlər.


Digər xəbərlər

Xəbər xətti