Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan BATE-nin baş məşqçisi Aleksey Baqa açıqlama verib.
Sportarena.az xəbər verir ki, Belarus komandasının çalışdırıcısı “Qarabağ”ı ciddi rəqib kimi xarakterizə edib:
“HİK-lə oyuna görə potensial rəqiblərlə maraqlanmamışıq. Əminəm ki, "Qarabağ" ciddi komandadır. Bu komandanın ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak etdiyini bilirik. İlk oyunumuz səfərdə olacaq. Səfərdəki görüş çətin keçəcək və azarkeşlər çox olacaq. HİK-lə matçdan dərhal sonra "Qarabağ"la oyunları düşünməyə başlamışıq. Rəqib haqda daha çox məlumat toplayacağıq və necə oynayacağımızı müəyyənləşdirəcəyik".
"Qarabağ"la BATE arasında ilk oyun avqustun 7-də olacaq. Cavab görüşü isə bir həftə sonra keçiriləcək. Hər iki oyun saat 21:00-da başlayacaq.