Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev birinci divizionun püşkatmasından sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az həmin müsahibəni təqdim edir:
- Hakimlər bu dəfə yay fasiləsi zamanı ölkə xaricində təlim-məşq toplanışı keçmədilər. Bu, onlar üçün problem olmayacaq?
- Əgər hakimlər təlim-məşq toplanışına gedirsə və orada 5-10 oyun idarə edirlərsə, ölkə xaricinə getməyə dəyməz. Ölkə xaricində yoldaşlıq oyunlarının az olmasına görə, hakimlər təlim-məşq toplanışı keçmədilər. Bu, maliyyə məsələsi ilə bağlı deyil.
- Bizdən kasıb olan Gürcüstanda 4 futbol liqası var. Bəs, bizdə niyə yoxdur?
- Bizdə də aşağı yaş qrupları üzrə liqalar var. Onlar adların liqa qoyurlar, amma biz etmirik. Həvəskarlardan ibarət liqa yarada bilərik, amma mənası yoxdur. AFFA nə vaxta qədər klubları maliyyələşdirməlidir? Kənardan heç bir maliyyə dəstəsi ala bilmirik.
- Limitlə bağlı dəyişiklik bir neçə futbolçunu kənarda qoyacaq.
- Gənc futbolçu Premyer Liqada 1500-2000 manat maaş alır. 25 yaşlı futbolçu divizionda 500 manata oynayacaqsa, onun gələcəyi necə olacaq? O, futbol oynamaqdansa, getsin özünə sənət tapsın.
- Birinci divizionda çempion olan komanda Premyer Liqaya vəsiqə qazana bilmir. Bu, neçə il davam edəcək?
- Arzu edirik ki, neft şirkətinin vəziyyəti daha da yaxşılaşacaq. Bundan başqa danışacağımız söz yoxdur. Ümid edək ki, iş adamlarının vəziyyəti yaxşılaşacaq, futbola yatırım edəcəklər.
- Hansı klublar danışılmış oyunlara görə kənarda qalıblar?
- Hansı klub sənədini gətirməyibsə, onu çempionata buraxmamışıq.
- “Qəbələ”nin əvəzedici komandasının çempionatda iştirak etməyəcəyi əvvəlcədən bilinirmiş. Bəs, icraiyyə komitəsini yalan danışmağa nə məcbur edib?
- Dünən Premyer Liqada iştirak edən klublardan əvəzedici komandalarından biri bizə müraciət etdi və çempionatda iştirak etmək istəmədiyini bildirdi. Biz də dedik ki, gəlmirsinizsə, gəlməyin. Ancaq sonradan qərar dəyişdi.
- “Şüvəlan”ın çempionatda iştirak edib-etməyəcəyi bəlli deyildi. Komandanın hazırkı durumu necədir?
- Dünən axşam saatlarına qədər bəlli deyildi. Ancaq sonradan bizə zəng gəldi və “Şüvəlan”la bağlı heç bir problemin olmadığı bildirildi. “Şüvəlan” çempionatın sonuna qədər yarışda iştirak edəcək.