Futbol üzrə İspaniya Super Kubokunun qalibi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, qalib adı uğrunda La Liqanın qalibi “Barselona” ilə İspaniya Kubokunun son finalçısı “Sevilya” mübarizə aparıb.
Qarşılaşmada hesabı “Sevilya” açıb. 9-cu dəqiqədə Pablo Sarabia fərqlənib. Lakin 42-ci dəqiqədə Jerar Pike tarazlığı bərpa edib. 78-ci dəqiqədə Usman Dembelenin vurduğu daha bir qol Kataloniya klubuna 2:1 hesablı əzmkar qələbə və Super Kubok qazandırıb.
Bu, “Barselona”nın tarixində 13-cü Super Kubok zəfəridi. Kataloniya klubu 1983, 1991, 1992, 1994, 1996, 2005, 2006, 2009, 2010, 2011, 2013 və 2016-cı illərdə də İspaniya Super Kubokunu başı üzərinə qaldırmışdı. “Sevilya” isə cəmi bir dəfə - 2007-ci ildə Super Kubokda qələbə sevinci yaşayıb.