“Qarabağ” sabah Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində BATE-nin qonağı olacaq.
Sportarena.az xəbər verir ki, oyundan əvvəl “köhlən atlar”ın islandiyalı qapıçısı Hannes Halldorson Belarus mətbuatına açıqlama verib. 34 yaşlı qolkiper BATE ilə görüş penaltilər seriyasına kimi uzansa, buna hazır olduğunu bildirib:
"Penaltilər seriyası lotereya kimidir. Həmin anda rəqib futbolçunun fikirlərini oxumaq lazımdır. DÇ-2018-də Argentina ilə görüşdə Lionel Messinin penaltisini dəf etmişdim. Həmin an karyeramın ən parlaq anlarından biridir. Penalti zamanı təzyiq hiss etmirəm. BATE ilə oyun penaltilər seriyasına kimi davam etsə, buna hazıram".
Qeyd edək ki, BATE - "Qarabağ" matçı avqustun 14-də keçiriləcək və saat 21:00-da start götürəcək. Tərəflər arasındakı Bakıdakı ilk oyunda Ağdam klubu 0:1 hesabı ilə uduzub.