“Qarabağ”ın yeni transferlərindən olan Filip Ozobiç Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində dünən keçirilən “Səbail”lə səfər matçından sonra jurnalistlərə açıqlama verib.
Sportarena.az xəbər verir ki, xorvartiyalı yarımmüdafiəçi öncə görüşlə bağlı fikirlərini bölüşüb:
“Çempionatda ilk oyunumuz idi. Əlbəttə, uğurlu start götürmək istəyirdik. Bu, çox vacibdi və sevinirəm ki, qarşımıza qoyulan məqsədə çata bildik. Oyun heç də asan keçmədi. Ancaq əsas qələbə qazanıb xal ehtiyatımızı 3-ə yüksəltmək idi”.
Ozobiç Avropa Liqasının pley-off mərhələsindəki rəqibləri “Şerif” haqqında da danışıb:
“Rəqib pley-offadək yüksəlməyi bacarıbsa, bu, özlüyündə çox şeydən xəbər verir. Hələ ki, Moldova təmsilçisinin oyununu izləməmişik. Baş məşqçimiz necə oynamalı olduğumuzu bizə xırdalığınadək izah edəcək. İnanıram ki, həm baxımlı futbol sərgiləyəcəyik, həm də bizi qrup mərhələsinə yüksəldən nəticələri əldə edəcəyik. Açığı, ilk oyunun Tiraspolda keçirilməsinin mənim üçün heç bir əhəmiyyəti yoxdu. Onsuz da 1 həftəlik intervalla həm səfərdə, həm də evdə oynayacağıq. Əsas odur ki, qənaətbəxş nəticə qazanaq”.
Sonda Filip “Qarabağ”a nə dərəcədə adaptasiya olmasına dair suala da aydınlıq gətirdi:
“Burda bir qədər fərqli oyun sistemi tətbiq olunur. Ancaq təcrübəmə güvənirəm. Baş məşqçimizin mənə qazandırdığı hər şansdan maksimum faydalanmağa çalışıram. Özüm də başa düşürəm ki, bir il əvvəlki formamda deyiləm. Ancaq bunun üçün bir qədər də zamana ehtiyac var”.