Topaz Premyer Liqada 2-ci turunun “Neftçi” – “Qəbələ” (2-1) matçından sonra qonaqların futbolçusu Təmkin Xəlilzadə jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki, millimizin üzvü öncə görüşlə bağlı fikirlərini bölüşüb:
- Turun mərkəzi qarşılaşması olduğu üçün çətin olacağını bilirdik. Oyuna yaxşı hazırlaşmışdıq, həm də yaxşı başlamışdıq. Lakin səhvlərimiz ciddi olduğuna görə, məğlub olduq. Mən, 55-ci dəqiqədən sonra meydanda rəqib görmədim, sadəcə biz oynayırdıq. Nəzərə alaq ki, bəxt də öz sözünü deyir. Ümid edirəm ki, növbəti oyunlarda səhvlərimizi kompensasiya edəcəyik.
- Baqoli Daboya qarşı oynarkən nə hisslər keçirdin?
- Dabo ötən mövsümün bombardiri olub. Bilirdik ki, onu keçmək asan olmayacaq. Rəqibik, öz yerində. Lakin, Dabo Azərbaycanın indiyə qədərki ən yaxşı legionerlərindəndir.
- Sanki müdafiəçilər ona qarşı aqressiv idi...
- Bizim heç bir komandaya, futbolçuya qarşı ayrı seçkiliyimiz yoxdur. Bütün komandalara qarşı və futbolçulara eyni şəkildə hazırlaşırıq. Bundan sonra daha aqressiv "Qəbələ" görəcəksiz.
- Cərimə zərbələri zamanı ötürmə əvəzinə, qapıya zərbələrə üstünlük verirdiz. Bu, məşqçinin tapşırığı idi, yoxsa özünüzün qərarı?
- Məşqçinin də tapşırıqları əsasdır. Lakin elə vəziyyət olur ki, qərarı biz veririk.
- “Neftçi”nin uzunboylu müdafiəçiləri də sizə mane olduğuna görə daha cərimələrdən ötürmə etmirdiz?
- Bizdə də uzunboylu futbolçular var. Biz indi səhvlərimiz barədə konkret söz deyə bilmərik. Hər kəs oyuna bir də baxacaq, səhvləri görəcək və o səhvi aradan qaldırmağa çalışacağıq.