Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilməli olan "Qarabağ" - "Neftçi" matçının vaxtının dəyişdirilməsi və ya təxirə salınması gündəmə gəlib.
Sportarena.az xəbər verir ki, buna səbəb ağdamlıların paytaxt klubu ilə oyunu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 23-də baş tutacaq "Şerif"lə oyundan sonra 2 gün sonra - avqustun 25-də keçirilməlidi. Qaydalara görə isə klubların oyunları arasında 48 saatdan az vaxt olmamalıdı. Bu səbəbdən tarixi derbinin vaxtının dəyişdirilməsi və ya təxirə salınması gündəmə gəlib.
Bəs "Qarabağ" tərəfi məsələ ilə bağlı nə düşünür? Sualımızı klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimova ünvanladıq. Klub rəsmisinin cavabı belə oldu:
"Bildiyiniz kimi, qaydalara görə oyunlar arasında vaxt 48 saatdan az olmamalıdı. Təqvim Peşəkar Futbol Liqası tərəfindən hazırlanarkən bizim Çempionlar Liqasında iştirak etməyimiz nəzərə alınıb. Bu səbəbdən "Neftçi" ilə oyunumuzun vaxtı avtomatik olaraq dəyişməlidi".
"Bəs "Qarabağ" "Şerif"lə mühüm oyunlar arasında keçiriləcək "Neftçi" ilə vacib matçı təxirə salmağı düşünürmü" sualına cavab İbrahimov planlarında belə bir məsələnin olmadığını bildirdi.