ABŞ-ın Sent Luis şəhərində keçirilən şahmat üzrə Sinkfild turnirində 7-ci tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov rusiyalı Sergey Karyakinlə qarşılaşıb və görüş heç-heçə başa çatıb.
Turun digər qarşılaşmalarında da bərabərlik qeydə alınıb. Maqnus Karlsen (Norveç) və Fabiano Karuana (ABŞ), Vişvanatan Anand(Hindistan) və Aleksandr Qrişuk (Rusiya), Levon Aronyan (Ermənistan) və Uesli So (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Hikaru Nakamura (ABŞ) “sülh bağlayıblar”.
4,5 xal toplamış Karuana 7 turdan sonra liderlik edir. Məmmədyarov, Qrişuk, Aronyan və Karlsen 2-5-ci yerləri bölüşürlər. Onların hər birinin hesabında 4 xal var. 6-7-ci yerləri Vaşye-Laqrav və Anand (hərəyə 3,5 xal) tutur. Ardınca So (3) və Nakamura (2,5), sonuncu pillədə isə Karyakin qərarlaşıb (2).
Turnirə avqustun 27-də yekun vurulacaq. Yarışın mükafat fondu 300 min dollar təşkil edir. Qalib 75 min dollar qazanacaq.