Futbol üzrə Latviya birinci liqasında 15-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Balvu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 13:0.
Vüqar da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Həm komandasının, həm də bütövlükdə çempionatın bombardiri olan Əsgərov, bu oyunda da fərqlənməyi bacarıb. Komandasının 13 qolundan 4-nü məhz Vüqar vurub. O, matçın 15, 25, 38 (pen.) və 46-cı dəqiqələrində rəqib qapısına yol tapıb. Nəticədə, millimizin sabiq forvardı cari mövsümdə vurduğu qolların sayını 22-yə çatdırıb.
“Dauqavpils” 15 turdan sonra 34 xalla 12 kollektiv arasında ikinci pillədə qərarlaşıb.