Ötən gecə ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Sinquefield Cup" turnirinin VII turunda Norveçli Maqnus Karlsenlə qarşılan Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov görüş barədə təəssüratlarını "Facebook" hesabı vasitəsilə paylaşıb.
Sportarena.az xəbər verir ki, Məmmədyarov görüşün çətin keçdiyini, 5 saatdan çox davam etdiyini dilə gətirib və çox yorulduğunu qeyd edib. Qrossmeyster həmçinin maddi səbəblərə görə həddindən çox oyun keçirmək məcburiyyətində qalmağından, sponsorsuzluqdan şikayət edib və yarışlara öz hesabına qatıldığını vurğulayıb:
“Yorğunluqdan indicə yuxudan durdum. Burda gecə saat 01:47-dir. Bu gün Maqnus Karlsenlə 5 saatdan çox oynadım və açığı, çox çətin mübarizə oldu. Debütdən böyük üstünlüyüm var idi. Sonra bir az pis vəziyyət aldım və rəqib 5 saat udmağa çalışdı. Və qərara gəldim ki, bundan sonra 40-45 günlük turnirlərə son qoyacam. Gərək az oynayıb, özümdə güc saxlayım. Bu qədər arxa-arxaya oynamaq əlbəttə ki, biabırçılıqdır. Bu gün bir jurnalist mənə sual verdi ki, səni bu qədər oynamağa məcbur edən nədir? Utandım ki, pul deyim. Deyə bilmədim, çünki mənim kimi peşəkar şahmatçının sponsoru yoxdur. Bütün yarışlara öz hesabıma gəlirəm. Burdakı bütün idmançıların sponsoru var. Sabah yenə də oyunum var və gərək hazırlaşım. Arada düşünürəm ki, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, bir sponsor tapılmır? Azərbaycana sevgim sonsuzdur. Amma heyif ki, gücüm sonsuz deyil. Bir gün mən - Şəhriyar Məmmədyarov olmayacam. Onda isə bu söhbətlər mənasız olacaq”.
Qeyd edək ki, Məmmədyarov-Karlsen görüşü heç-heçə ilə yekunlaşıb.