Azərbaycan futbol ictimaiyyətinə ağır itki üz verib.
Sportarena.az xəbər verir ki, uzun sürən xəstəlikdən sonra Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının əməkdaşı, Azərbaycan Respublikasının əməkdar jurnalisti Abas Əzim oğlu Əzimov ömrünün 82-ci ilində dünyasını dəyişib.
Əzimov Abas Əzim oğlu 19 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olub. Bakı neft texnikumunda oxuduğu illərdə (1956-1959) “Dinamo” cəmiyyətində əməkdar məşqçi Əfqan Səfərovun rəhbərliyi altında yüngül atletika ilə məşğul olmağa başlayıb. Həmin illərdə orta ixtisas məktəbləri arasında keçirilən spartakiadalarda iştirak edib, 5000 və 10000 metr məsafələrə qaçanlar arasında mükafata layiq yerlər tutub.
1967-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. Ali məktəb tələbələri arasında keçirilən yarışlarda da uğurla çıxış edib, fəxri fərmanlara təltif edilib. Əzimov Azərbaycan və Bakı çempionatlarında “Dinamo”nun şərəfini qoruyub. Universitetdə oxuduğu illərdə yüngül atletika üzrə hakimliyə başlayıb. 1962-ci ildə respublika, 1969-cu ildə isə ümumittifaq dərəcəli hakim adını qazanıb. 1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya Oyunlarında hakimlik edib. Yaxşı hakimliyinə görə olimpiadanın xatirə medalına layiq görülüb. Bundan əlavə, Avropa çempionatı, Avropa kuboku, “Dostluq-84” və bir çox beynəlxalq turnirlərdə hakimlik edib. Əzimov 1964-cü ildən SSRİ Jurnalistlər İttifaqının üzvü olub. 1962-ci ildən 1997-ci ilədək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində idman proqramları redaksiyasında müxtəlif vəzifələrdə çalışıb. 1995-ci ilin idman yekunlarına görə Abas Əzimov ilin ən yaxşı idman jurnalisti seçilib. 1997-ci ildən Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AİBS) üzvü olub. Əzimov 2008-ci ildə Azərbaycan Respublikasının əməkdar jurnalisti adına layiq görülüb. “Neftçi-70”, “Futbolumuzun futzal salnaməsi”, “Xatirələrdə yaşayanlar” və “Azərbaycan Milli Komandası” kitablarının müəllifidir. 1997-ci ilin aprelindən Azərbaycan Futbol Federasiyaları Assossiasiyasında çalışırdı.
Allah rəhmət eləsin!