"Kəpəz” rəhbərliyi Gəncə şəhər stadionunda azarkeşlərlə görüş keçirib.
Sportarena.az xəbər verir ki, yeni mövsümün başlaması münasibəti ilə reallaşan yığıncaqda icraçı direktor Elnur Camalxanov Gəncə azarkeşinin kluba olan sədaqətinin uzun illərin sınağından keçdiyini deyib. O, "Kəpəz” fanatlarını komandanın istər uğurlu, istərsə də uğursuz çıxışında daim yanında gördüyünü bildirib. Camalxanov əsl azarkeşin klubun yarışdığı liqadan asılı olmayaraq kollektivi dəstəkləməsinin vacibliyini önə çəkib.
"Uzun yol qət edərək "Kəpəz”ə gəlmişəm və Gəncə futboluna xidmət etmək istəyirəm” deyən komandanın baş məşqçisi Etibar İbrahimov azarkeşlər tərəfdən diqqətin onu sevindirdiyini vurğulayıb. Gənc mütəxəssis azarkeş mədəniyyətinin Gəncədə həmişə seçildiyini əlavə edib. İbrahimov futbolsevərlərin mövsümboyu dəstəyinə ümid bəslədiyini söyləyib.
Tədbirdə həmçinin, fikir mübadiləsi aparılıb, fanatları maraqlandıran suallar cavablandırılıb. Çıxış edən azarkeşlər komandaya olan inamlarını ifadə edib, qarşıdakı oyunlarda uğurlar arzulayıblar.
Görüşdə bu günlərdə 65 illik yubileyini qeyd edən tanınmış azarkeş Zahid Hüseynov da diqqətdən kənarda qalmayıb. Yubilyar təbrik olunub. Ona klub tərəfindən üzərində "Arxiv Zahid - 65” yazılan komandanın forması, eləcə də digər hədiyyələr təqdim edilib.