Oktyabrın 3-dən 6-dək ölkə çempionu "Araz” UEFA Çempionlar Liqasında iştirak edəcək.
Sportarena.az xəbər verir ki, Artıq təmsilçimizin bütün rəqibləri müəyyənləşib. İlk iki oyunda ilkin mərhələdən vəsiqə qazanan komandalarla qarşılaşacaq təmsilçimiz son matçını meydan sahiblərinə qarşı keçirəcək.
Hazırlığını gündə bir məşqlə Bakı İdman Sarayında davam etdirən "Araz”ın baş məşqçisi Joze Alesio da Silva qrupla bağlı Futzal Federasiyasının rəsmi saytına açıqlama verib:
"Qrupumuzda hansı komandaların yer aldığını bilirik. Hər biri ölkəsinin çempionudu. Bu gün futzalda zəif klub anlayışı yoxdu. Buna görə də, oyunların hamısının çətin keçəcəyi danılmazdır və buna hazır olmalıyıq. Oyunlar Slovakiyada keçiriləcək və bu, meydan sahibi "Luçenec” komandası üçün əlavə üstünlük olacaq. Digər iki rəqibimiz mübarizəyə ilkin mərhələdən başlasa da, iddialıdırlar. Litva çempionu "Vytis” heyətini braziliyalı futzalçılarla gücləndirib. "Valletta” də sıradan rəqib deyil. Çünki həm "Vytis”, həm də "Valletta” ilkin mərhələni məğlubiyyətsiz başa vurub və mübarizəni davam etdirmək hüququ qazanıb”.
Şanslar barədə danışan baş məşqçi qrupda aşkar favoritin olmadığını vurğulayıb:
"Düzdü, reytinqinə görə "Araz” qrupun top komandası sayılır. Ancaq şanslar komandalar üçün bərabərdi. Əlbəttə, şansımız var və bu, 50-nin 50-yədir”.
Alesio heyətdəki dəyişikliklərə də toxunub:
"Məşqlərimizi hər gün davam etdiririk. Xüsusilə də birinci oyuna diqqət yetirəcəyik. "Vytis”in heyətində 7 braziliyalı çıxış edir. Bizin heyətdə də dəyişikliklər olub. Yerli futzalçılarla güclənməyə çalışdıq. Əlbəttə, rəqibin braziliyalılarını zərərsizləşdirmək üçün məşqlərdə bir neçə taktiki çalışmalar yerinə yetiririk. Həm də ilk oyunlar digərləri ilə müqayisədə ağır olur. Təbii ki, hər 3 oyun vacibdi. Birinci matçdan sonra diqqətimizi ikinci duelə yönəldəcəyik. Rəqiblərimizin hamısını yaxından tanıyıram”.