Maksim Medvedev: "Kosovo 2-3 ildən sonra bizimlə yox, daha reytinqli komandaların liqasında olacaq"

11:04 8 Sentyabr 2018

"Çoxdan idi ki, bu oyunu gözləyirdik. Rəqibi çox analiz etmişdik". 

 

Sportarena.az xəbər verir ki, bu sözləri millimizin müdafiəçisi Maksim Medvedev UEFA Millətlər Liqasında Kosovo ilə keçirilən 0:0 hesablı matçdan sonra jurnalistlərə açıqlamasında deyib. 28 yaşlı futbolçu rəqibə qarşı başabaş mübarizə apardıqlarını deyib:

 

"Bilirdik ki, Kosovo gənc yığmadı, futbolçuları yüksək səviyyəli oyunçulardı və Avropada yaxşı klublarda çıxış edirlər. İnanıram ki, Kosovo 2-3 ildən sonra bizimlə yox, daha reytinqli komandaların liqasında olacaq. Bu gün başa başa mübarizə apardıq".

 

Medvedev heç-heçəni pis nəticə hesab etməyib:

"Onlarla vuruşduq, başabaş mübarizə apardıq. Mənə elə gəlir ki, bu, bizdə pis alınmadı. 3 gün sonra çətin Malta səfərində olacağıq. Əlimizdən gələni edəcəyik ki, istədiyimiz nəticəni qazanaq. Burada heç-heçə pis nəticə deyil. Kosovo yaxşı komandadır. Əsas odur ki, növbəti oyunlarda xal itirməyək".

 

Müdafiəçi hər iki komandanın bir-birindən çəkindiyini vurğulayıb:

 

"İlk oyun idi. Bir-birimizdən çəkinirdik. Səhv etmək istəmirdik. Səhv olanda qol vurulur. Onlar üçün də heç-heçə yaxşıdır. Yəqin ki, onlar üçün də əsas rəqib biz idik".

 

Maksim yığmamızın 3 gün sonra Millətlər Liqasında Malta ilə keçirəcəyi oyunu barədə danışıb:

"Çalışacağıq ki, ən yaxşı nəticə ilə qayıdaq. Az sonra Malta Farer adaları ilə qarşılaşacaq. Oyuna baxıb, analiz edəcəyik. Səfərdə ağır oyun olacaq, hava isti olacaq".


Digər xəbərlər

Xəbər xətti