"Yuventus"un yarımmüdafiəçisi Əmrə Can dünən Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun "Valensiya" ilə səfər oyununda (2:0) komanda yoldaşı Kriştiano Ronaldonun qırmızı vərəqə aldığı epizoda münasibət bildirib.
Sportarena.az xəbər verir ki, türk əsilli alman futbolçu matçın baş hakimi Feliks Brixin qərarının düzgün olmadığını söyləyib: "Eşitdiyimə görə, hakim qırmızı vərəqəni Ronaldoya rəqibin saçından dartdığı üçün göstərib. Biz qadın deyilik, futbol oynayırıq. Əgər belə şeyə görə "qırmızı" verirsənsə, onda istənilən qayda pozuntusu zamanı oyunçunu meydandan qovmalısan. Yüz faiz deyirəm ki, qırmızı vərəqə göstərilməməliydi".
Qeyd edək ki, Ronaldo matçın 29-cu dəqiqəsində rəqib futbolçuya qarşı kobud oynadığı üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 33 yaşlı futbolçu meydanı tərk edərkən göz yaşlarını saxlaya bilməyib.