Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi Yaponiyada təşkil olunan Dünya Çempionatında 2-ci oyununu keçirib.
Sportarena.az xəbər verir ki, komandamız Cənubi Koreya ilə qarşılaşıb və 3:1 hesabı ilə qələbə qazanıb.
Yığmamızın hesabına ilk xallarını yazdırdığı görüşdən sonra təşkil olunan mətbuat konfransında millimizin köməkçi məşqçisi Famil Ağayev matçla bağlı fikirlərini bölüşüb: "ABŞ-a məğlubiyyətdən sonra komandamız toparlandı. Rəqibimiz çox sürətli voleybol oynayan komandadır. ABŞ yığması ilə keçirdiyimiz oyundan sonra biz Cənubi Koreya millisinə qarşı necə oynamalı olduğumuzu düşünürdük. Buna görə də biz blokda daha sürətli olmalı idik və qızlar komanda olaraq bu işin öhdəsindən yaxşı gəldilər.
Adətən topun qəbulunda bizim çox səhvlərimiz olurdu, bu dəfə top qəbulunda da yaxşı oynadıq. Mən rəqib komandanı da təbrik edirəm. Cənubi Koreya millisi bu gün yaxşı oynadı, amma bu idmandır. İki komandadan biri qalib gəlir, biz də sevinirik ki, qalib gələn bizik".