Millimizin və Almaniya III Bundesliqa təmsilçisi "Proyssen"in hücumçusu Rüfət Dadaşov Almaniyanın “Bild” nəşrinə müsahibə verib.
Sportarena.az xəbər verir ki, 28 yaşlı forvard uzun müddət sonra yığmaya dönüşü barədə danışıb.
- Milliyə dəvət aldığın üçün təəccübləndin?
- Yenidən milli üçün oynamağı xəyal edirdim. Dürüst olmaq lazmdırsa, belə tez dəvət alacağımı gözləmirdim. "Proyssen" klubuna və məşqçi heyətimizə təşəkkür edirəm.
- Əsas heyətə düşmək imkanlarını necə qiymətləndirirsən?
- Əlbəttə, oynayacağıma inanıram. Amma yığmada rəqabətin necə səviyyədə olduğunu indi bilmirəm. Uzun müddətdir yığmadan kənarda qalmışam və yeni oyunçuları tanımıram.
- "Proyssen"in sabiq futbolçusu Dmitri Nazarov da milliyə dəvət alır.
- Dima ilə birgə Bakıya gəlmişik. Biz yaxşı dostuq. Millidə eyni otaqda qalırıq.
- Bakıda anadan olmusunuz və ailəniz hazırda orada yaşayır. Onlarla görüşmək imkanınız oldumu?
- Bəli, bura gələndə qohumlarım məni ziyarət etdi, onlarla söhbətləşdim. Hər kəsi yenidən görmək çox gözəl idi.
- Millətlər Liqasının növbəti turunda oktyabrın 11-də Farer adaları, 14-də isə Malta ilə qarşılaşacaqsınız. Komandanızı nə gözləyir?
- Bizim hər iki görüşdə qalib gəlmək şansımız var. Bunun üçün əlimizdən gələni edəcəyik.