Özünüz də oyunun bizim üçün nə qədər çətin keçdiyinin şahidi oldunuz. Meydançanın süni örtüklü olması oyunumuza təsir edirdi. Amma əvvəlcədən də hansı meydançada oynayacağımızı və bizi nələrin gözlədiyini bilirdik. Toparlanmağı bacardıq və baş məşqçimizin dediyi kimi kənarda səbəb axtarmamalıydıq. Döyüşməli və vətənə qələbəylə dönməli idik. Yenə də təkrarlayıram, oyun çox ağır keçdi. Şükürlər olsun ki, qələbə qazanmağı bacardıq.
Sportarena.az xəbər verir ki, bu sözləri milli komandamızın üzvü Mahir Mədətov UEFA Millətlər Liqasının 3 turunun Farer adaları ilə oyunundan (3:0) sonra deyib. Qələbəni şərh edən hücumçu daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Oyunun gedişatında qaşın partladı. Həmin epizodu necə xatırlayırsan?
- (gülür) Baş-başa toqquşduq, qaşım partladı. Ciddi bir şey yoxdur, həkim iki tikiş qoydu, oyunu davam etdirdim. Hər şey qaydasındadır.
- Farer adalarınadək 14 saatlıq uçuş daha çox çətinlik yaratdı, yoxsa meydançanın süni olması?
- Farer adalarına gəldikdən sonra Qurban Qurbanov dincəlmək üçün bizə yetərincə vaxt verdi. Həmçinin oyunöncəsi məşqi gündüz saatlarına saldı ki, əlavə dincəlmək üçün də vaxtımız qalsın. Süni örtüklü meydança isə bizə həqiqətən çətinlik yaradırdı. Üstəlik, oyunun başlamasına az vaxt qalmış topları da dəyişdirdilər. Biz başqa toplarla hazırlaşmışdıq, lakin hava şəraitinə görə qırmızı toplar verdilər. Sizə nə deyim, hər şeyi özünüz gördünüz.
- Uzun yol qət etdiniz və Farer adaları ilə gərgin oyun keçirdiniz. Qalan günlər ərzində Malta ilə görüş üçün bərpa ola biləcəksiniz?
- Çalışacağıq ki, bərpa ola bilək. Maksimum dərəcədə yaxşı dincəlməliyik. Çətinliklərin hamısını unudub Maltayla matçda da azarkeşlərimizi sevindirməliyik.
- 3 turdan sonra qrup birinciliyi uğrunda mübarizənin Kosovo və Azərbaycan arasında gedəcəyini söyləyə bilərik?
- Baş məşqçimiz bizə həmişə öyrədir ki, qarşıdakı hədəfə çatmaq barədə düşünmək lazımdır. Başqa sözlə, indi yalnız Maltayla Bakıdakı qarşılaşma barədə düşünməliyik.