Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yekun vurulub.
Sportarena.az xəbər verir ki, 206 ölkədən 4 mindən artıq idmançının qatıldığı Olimpiadada 29 qızıl, 18 gümüş və 12 bürünc medal qazanan Rusiya millisi komanda hesabında birinci olub. Çin (18-9-9) ikinci, Yaponiya (15-12-12) üçüncü, Macarıstan (12-7-5) dördüncü, İtaliya (11-10-13) isə beşinci olub. Ümumilikdə, 92 ölkənin idmançıları medal qazanıblar. "Buenos-Ayres 2018”in bağlanış mərasimində Olimpiya bayrağı növbəti Olimpiadaya ev sahibliyi edəcək Seneqala təqdim olunub. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax yüksək təşkilatçılığa görə Argentina hökumətinə minnətdarlığını bildirib.
Təntənəli bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Kosovo və Cənubi Sudan ilk dəfə çıxış ediblər. Oyunların cədvəlinə rəsmi olaraq dörd idman növü əlavə edilib. Bunlar dırmanma, karate, idman rəqsi və təkərli konkisürmə idman növləridir.
On yeddi idmançı ilə Olimpiadaya yollanan milli komandamız 2-si qızıl, 1-i gümüş və 3-ü bürünc olmaqla 6 medal qazanıb. Qızıl medalları Azərbaycanın aktivinə cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) yazdırıblar. Ağırlıqqaldırma yarışında çıxış edən Tarmenxan Babayev (85 kq) Olimpiadanın gümüş medalına sahib olub. Bürünc medallara isə taekvondoçu Cavad Ağayev (63 kq), boksçu Nurlan Səfərov (60 kq) və güləşçi Şahanə Nəzərova (43 kq) layiq görülüblər. Bədii gimnastımız Yelizaveta Luzanın Olimpiadada qarışıq komandanın tərkibində qazandığı qızıl medal millimizin aktivinə yazılmayıb. Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən onun medalı ümumi sıralamada komandamızın hesabında göstərilməyib.
Beləliklə, Azərbaycan milli komandası 206 ölkənin qatıldığı Olimpiadanın medal sıralamasında 33-34-cü yerləri bölüşüb.
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarına 2022-ci ildə Seneqalın paytaxtı Dakar ev sahibliyi edəcək.