Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edən azərbaycanlı idmançılar vətənə dönüblər. Onların içərisində iki ağır atlet – Tarmenxan Babayev və Lalə Rzazadə də olub.
Sportarena.az xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançılarımızı Azərbaycan Ağır Atletika Federasiyasının rəhbər və nümayəndə heyəti, idmançıların yaxınları və media nümayəndələri qarşılayıblar. Hər iki idmançımız – Tarmenxan Babayev və Lalə Rzazadə KİV nümayəndələrinə müsahibə verərək yarış barədə fikirlərini bölüşüblər. Ağır atletika üzrə yığma komandanın baş məşqçisi Asif Məmmədov müsahibə zamanı hər iki ağır atletimizin çıxışına toxunub, qazanılan gümüş medalı Azərbaycan ağır atletika tarixi üçün önəmli hadisə hesab edib. AAAF-ın baş katibi Rizvan Rəsulov yeniyetmə ağır atletlərimizin Olimpiya Oyunlarındakı mübarizəsini yüksək dəyərləndirərək qarşıdakı digər mötəbər yarışlarda da bu uğurun davamının gələcəyinə ümid edib.
Ağır atletlərimizin uğurlu çıxışına sevinənlər sırasında idmançıların yaxınları və məşqçiləri də olub. Gümüş medalçı Tarmenxan Babayevin babası Vahid Babayev və şəxsi məşqçisi Şəfi Hüseynov ağır atletimizin qazandığı bu naliyyətə görə sevinc hissi keçirdiklərini dilə gətirdilər. Bildirək ki, Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan komandası medal əyarına görə 208 ölkə arasında 34-ci, medal sayında isə 38-ci yeri tutub.