Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda Qazaxıstanın “Astana” klubunun heyətində ölkə çempionu olub.
Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi buna Premyer Liqanın 31-ci turunda oyuna çıxmadan - ən yaxın izləyicisi “Kayrat”ın “İrtış”a 0:1 hesablı məğlubiyyətindən sonra nail olub. Bununla da "Astana" çempionatın sonuna 4 oyununun qalmasına baxmayaraq, ən yaxın rəqibi üçün əlçatmaz olub. Sabah "Tobol"un qonağı olacaq astanalılar ardıcıl 5-ci dəfə ölkə çempionu olaraq, rekorda imza atıb. Belə ki, əvvəllər Qazaxıstanda heç bir klub dalbadal 5 dəfə qızıl medal qazana bilməyib. Bununla yanaşı, "Astana" titul sayında "İrtış" və "Aktobe"yə çatıb.
Qeyd edək ki, Almeyda Qazaxıstan klubuna yayda "Qarabağ"dan keçib.