Futbol oyunlarında uzatma dəqiqələrində əvəzetmələr qadağan oluna bilər.
Sportarena.az xəbər verir ki, belə təkliflə Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) çıxış edib. Bu təşkilat futbol qaydalarının təkmilləşdirilməsi ilə məşğul olur. İFAB hesab edir ki, oyuna əlavə olunmuş dəqiqələrdə edilən əvəzetmələr bilərəkdən vaxtı uzatmağa hesablanır və tempi aşağı salır. Araşdırmalar nəticəsində məlum olub ki, Premyer Liqada əvəzetmələrin dörddə biri uzatma dəqiqələrində edilir. İFAB onu da təklif edir ki, əvəz olunan futbolçu texniki zonaya gəlmədən, ən yaxın xəttədən meydanı tərk etməlidir.
Ancaq bu məsələdə bəzi müəmmalı nüanslar da var. Məsələn, "Kristal Pelas"ın baş məşqçisi Roy Hocson soruşur: "Əgər 90-cı dəqiqədən sonra sənin futbolçun zədələnərsə, belə çıxır ki, qarşılaşmanı 10 nəfərlə başa vurmalısan. Futbolçunun həqiqətən zədələndiyini, yoxsa qəsdən yerdə qaldığını necə müəyyənləşdirəcəklər?".