Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportarena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 8-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Neftçi-2” – “Səbail-2” matçında “Neftçi-2”-nin 4, “Səbail-2”-nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki komanda 80 manat cərimə olunub. Oyunun 90+1-ci dəqiqəsində “Səbail”in futbolçusu Rubin Seyidov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Neftçi-2” – “Səbail-2” matçında “Səbail-2” komandasının heyətində limit pozulub. Belə ki, turnirin reqlamentinə əsasən meydançada 2001-ci il və ya daha gənc təvəllüdlü futbolçu olmalıdı. Lakin “Səbail-2” komandası oyunun 90+2-ci dəqiqəsində 2001-ci il təvəllüdlü Ədilxan Qarəhmədovun yerinə meydançaya 1997-ci il təvəllüdlü Nazim Kərimlini buraxaraq limiti pozub. Bunu nəzərə alaraq İntizam Komitəsi oyunun nəticəsini ləğv edib və “Səbail-2” komandasına 0:3 hesablı texniki məğlubiyyət verib.
“Zaqatala” – “Sumqayıt-2” matçının 78-ci dəqiqəsində “Sumqayıt-2”-nin futbolçusu Turan Manafov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Qaradağ Lökbatan” – “Şüvəlan” matçının 57-ci dəqiqəsində “Qaradağ Lökbatan”ın baş məşqçisi Elçin Dərgahquliyev hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyun texniki zonadan kənarlaşdırılıb, klub 400 manat cərimə olunub.
“Keşlə-2” – “Qarabağ-2” matçının 34-cü dəqiqəsində “Qarabağ-2”-nin futbolçusu Ayhan Arazlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
MOİK – “Ağsu” matçının 89-cu dəqiqəsində MOİK-in futbolçusu Sadiq Ağazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Sabah-2” – “Zirə-2” matçı başa çatdıqdan sonra “Zirə-2”-in futbolçusu Milad Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Zirə-2”-nin futbolçusu Hüseyn Əhmədov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klubu 320 manat cərimə olunub.