Artıq Azərbaycan Premyer Liqasında 9 tur geridə qalıb və son illərdə alışmadığımız bir mənzərə ilə üz-üzəyik: “Neftçi” turnir cədvəlinin zirvəsində yer alıb, ən yaxın izləyicisi “Qarabağ”ı 5 xal qabaqlayır. Son illərin dəyişilməz çempionu “köhlən atlar”ın “neftçilər”dən 5 xal geri düşməsi həyəcan siqnalı ola bilərmi, bilməzmi, bu, başqa mövzudur. Bu dəfə başqa mövzudan danışacağıq.
Kamran Quliyevi unutduzmu?
Görünən budur ki, “Qarabağ”ın son illərdə dəyişilməz çempion olması, hətta daimi olaraq avrokuboklarda qrup mərhələsində çıxış etməsi Azərbaycanın futbol ictimaiyyəti arasında qıcıq yaradır. Bəlkə də, bunu hardasa anlamaq olar. İnsanlar dəyişiklik, yeni çempion, yeni qəhrəmanlar istəyir. Azərbaycan insanının uğursuzluqdan yox, uğurdan tez bezdiyini, təngə gəldiyini nəzərə alsaq, anlamaq olar. Amma bu ölkənin futbolunda yeni çempion, yeni qəhrəman “Neftçi” olmalıdırmı?
Həmin “Neftçi” ki, bu ilin fevral ayında prezident postunda edilən dəyişikliklə hər kəsin gülüşünə səbəb olmuşdu. “Sumqayıt”da prezident vəzifəsində olan Kamran Quliyev bir saatın içində istefa ərizəsini yazıb, elə həmin bir saatın içində də “Neftçi”də eyni posta təyinat almışdı. AFFA-nın baş katibi Elxan Məmmədovun sevimli kadrlarından olan Quliyev elə Məmmədov tərəfindən də “ağ-qaralar”a prezident təyin edilmişdi. Nə vaxtsa “xalq komandası” adlandırılan klub bu addımla növbəti dəfə AFFA-nın komandası olduğunu göstərmişdi. “Neftçi” azarkeşlərini, fanatlarını anlamaq olar, onlar üçün klubun kimin əlində olmasının, hansı oyunlara alət edilməsinin fərqi olmaya bilər. Bəs Azərbaycanın idman mətbuatı, mütəxəssislər? Onlar Kamran Quliyev boyda faktı unutdumu? Ölkə futbolundakı bütün eybəcərliklərə, qanunsuzluqlara etiraz etməli, səsini yüksəltməli və bütün bunlar boyunlarının borcu olan bu adamların çoxu susur. Susmaları bir yana, “Neftçi”nin liderliyindən vəcdə gəlirlər. Amma “Neftçi”nin liderliyində də ləkə var, böyük bir ləkə. Hansı ləkə?
5 “qardaş”ın ən sevimlisi
Azərbaycan Premyer Liqasında 8 klub mübarizə aparır. “Qarabağ”ı, “Qəbələ”ni və “Zirə”ni çıxmaq şərtiylə, qalan 5 komanda birbaşa və ya dolayı yolla AFFA-dan maliyyələşir. Federasiya bu 5 komanda arasında ən çox maliyyəni “Neftçi”yə ayırır, ən çox onun qayğısına qalır, istədiyi məşqçiləri, futbolçuları transfer etməsinə imkan yaradır. Əvvəlki mövsümlərdə də “neftçilər” üçün böyük pullar ayrılırdı, amma Elxan Məmmədovun klubun başına gətirdiyi adamlar hər şeyi batırırdı. O qədər batırırdılar ki, ayrılan milyonlarla pullarla ayağı top tutan komanda qurmağı da bacarmırdılar. Nəhayət, baş katibin ağlına “Neftçi”ni Kamran Quliyevə tapşırmaq fikri gəldi və... Və hələ ki, işlər yağ kimi gedir. Nəhayət, bu mövsüm “Neftçi” çempionluq mübarizəsində “Qarabağ”la başa-baş mübarizə apara bilər. Bu “çətin və şərəfli yol”da ona AFFA və “kiçik qardaşlar”ı da kömək edir, edəcəklər, etməlidirlər.
Əslində, bir tərəfdən baxanda, vəziyyətin belə olması çoxunun ürəyincədir. “Qəbələ”nin çırpındığı, əvvəli günlərindən uzaq olduğu dövrdə “Qarabağ”la rəqabət aparacaq bir komandanın olmasını çoxu arzulayır. Ağdam təmsilçisi bütün oyunları qələbə ilə başa vursa, yenə adət etdiyi kimi, zirvədə qərarlaşsa, çempionatın dadı-duzu qalmaz. O zaman nə lazımdır? “Neftçi”! Yaxşı bir ssenari qurub, Premyer Liqada rəqabət havası yaradırsan, insanlar vəcdə gəlir, AFFA-nın oynadığı oyunun içində olduqlarını unudurlar, “Neftçi”nin hər qələbəsindən sonra ehtiraslar coşur. Kamran Quliyevi, Elxan Məmmədovu unudurlar, Premyer Liqadakı klublardan 4-nün “Neftçi”yə təhkim olunduğunu yaddan çıxarırlar. Azərbaycan Premyer Liqasının üzündəki “AFFA” adlı ləkəni, bu ləkədən ən çox pay alanın “Neftçi” olduğunu xatırlamırlar, ya da xatırlamaq istəmirlər. Xatırlamaq istəmirlər ki, dünyanın heç bir ölkəsində bu cür çempionat keçirilmir, süni rəqabət, süni komandalar, süni liderlik yaradılmır. Unudurlar ki, bütün bunlar qanunsuzdur, futbolun yarandığı İngiltərədə hansısa klubların da yox, klubun federasiyadan maliyyələşdiyi ortaya çıxsa, həmin federasiya rəhbərliyinin şalvarını çıxarıb, boğazına qalstuk edərlər. Siz isə... Çəpik çalırsız, vəcdə gəlirsiz, sevinirsiz...
“Neftçi”nin çempionluğu razılaşdırılıb?
Yanlış anlasaz da, anlamasaz da, məsələ Azərbaycan Premyer Liqasında kimin çempion olmasında deyil. Məsələ çox şeyin yaşıl meydanlarda həll edilməməsində, hər şeyin AFFA-nın daş divaları arasında planlaşdırılmasındadır. “Qarabağ”ın ardıcıl xallar itirməsi, üstəlik “Səbail”lə oyunda uşaq səhvi edərək, texniki məğlubiyyət alması artıq bu mövsümün sonunda “Neftçi”nin çempion olacağı haqda şübhələrə yol açıb. Bax, məsələ bundadır. Bu mövsüm “Neftçi”nin çempionluğu, Çempionlar Liqasına getməsi planlaşdırılıb, razılaşdırılıbsa, “Qarabağ”a “sən bu mövsüm gözlə” tapşırığı verilibsə, onda bu insanlar niyə Premyer Liqa oyunlarını izləməlidir, niyə kiminsə qələbəsinə sevinib, kiminsə məğlubiyyətinə görə özünü həlak etməlidir? Niyə Elxan Məmmədovun ssenarisini yazdığı, klubları kukla kimi oynatdığı tamaşanın avam, sadəlövh, axmaq izləyiciləri olmalıyıq? Ümumiyyətlə, biz niyə AFFA-nın cibindən sallanan, AFFA-dan idarə olunan, məvacibini də federasiyadan alan klubların (5 komanda) “oyunlar”ında azarkeş, jurnalist kimliyində rol almalıyıq? Çoxmu xoşumuza gəlir ələ salınmaq, sadəlövh azarkeş rolunda olmaq?
Sizin ssenarinizə də, tamaşanıza da...
Kürşad, Komanda.az