Moskvada “ACB 90” qarışıq əlbəyaxa döyüş (MMA) turnirində azərbaycanlılarla ermənilər arasında dava düşüb.
Sportarena.az xəbər verir ki, davaya səbəb erməni azarkeşlərin ənənəvi təxribatı olub. Onlar yarışların keçirildiyi arenada “Dağlıq Qarabağ Respublikası”nın bayrağını asıblar. Təbii ki, orada olan azərbaycanlı azarkeşlərə bu xoş gəlməyib. Onlar asayiş keşikçilərinə müraciət edərək, tanınmamış qurumun əski parçasını oradan götürməyi xahiş ediblər. Buna söz versələr də, sözlərini yerinə yetirməyiblər. Nəticədə, azərbaycanlılar ermənilərin oturduğu sektora yönəliblər ki, bu “bayrağı” oradan götürsünlər.
Bundan sonra baş verənlər “VKontakte” sosial şəbəkəsindəki “MMA Azərbaycan” səhifəsində qeyd olunub. Həmin qeydləri ixtisarla və bir qədər redaktə ilə diqqətinizə çatdırırıq. “Hər kəsin başa düşməsi üçün deyək ki, erməni tribunasına biz dar keçiddən daxil olduq və buna görə də, hamı birlikdə keçə bilmədi. Biz üç tərəfdən ermənilərlə əhatə olunmuşduq, onlar isə sadəcə dayanıb bizə tamaşa edirdilər. Bizimkilərdən biri içəri keçib “tetris-bayrağı” (“DQR”in bayrağındakı ağ rəngli fiqurlara görə onu belə adlandırırlar – red.) götürdü. Bu vaxt onlar başqa bayraqları götürərək həmin bizimkini döyməyə başladılar”.
Bundan sonra davaya ikinci azərbaycanlı qoşulub. Ermənilərdən biri onu arxadan təpiklə vurub və əvəzində təpiklə sifətinə zərbə alıb. “Daha sonra qardaşımız onu əzişdirməyə başladı. Əlbəttə ki, onu ermənilər dövrəyə alıb vurmağa başladılar. Bu səbəbdən bizimki döydüyü ermənini qolları ilə boğaraq aşağı tərəfə getdi və onunla özünü müdafiə etməyə başladı ki, başqalarının vurduğu zərbələri yumşaltsın. Erməni artıq özündən gedirdi ki, onlardan biri qışqırdı: “Ara, bəsdi”.
Sonra bizimkilərdən daha bir nəfər ermənilərin arasına girib ki, dostlarını müdafiə etsin: “O, sadəcə olaraq onları əzişdirməyə başladı. Adam kütlənin içinə girər-girməz dalaşmağa girişdi. Hazırlıqlı oğlan olduğundan zərbələri boşa çıxmırdı və elə ilk zərbədən bir erməninin burnunu sındırdı. Bizim tərəfdən elə bir xəsarət alan olmadı. Səbəbi isə sadədi: ermənilər heç aşağı düşmədilər ki, davaya girişsinlər. Eləcə yerlərindən qışqırır və ayaqları çatanda kiməsə təpik atırdılar. Yəni dalaşmağa qorxurdular. Amma yox, bir erməni özünü Həbib Nurməhəmmədov hiss edərək, beşinci sıradan birinci sıraya qədər tullandı və dəmir məhəccərə dəyərək, yerə yıxıldı.
Bundan sonra ora OMON girdi və bizimkiləri dəyənəklə döyərək oradan uzaqlaşdırdı. Onlar erməni tribunasının qapılarını bağladılar. Biz bildirdik ki, bayraq oradan çıxarılmayana qədər gedən deyilik. O vaxta qədər gözlədik ki, polis əməkdaşı gedib bayrağı götürdü, qatlayıb cibinə qoydu. Bundan sonra yerlərimizə qayıtmaq istədik. Lakin elə bir şey baş verdi ki, həmin axşamın bütün gedişatını 180 dərəcə dəyişdi. Bizimkilərdən biri Azərbaycan bayrağını götürüb erməni tribunasına tərəf getdi, halbuki biz xəbərdarlıq etmişdik ki, ora dalaşmağa gedirik və bayraq götürmək lazım deyil.
Lakin ara qarışıqlıqda bayrağımız o biri tərəfin əlinə keçdi. Bu məqam bütün zəhmətimizi yerə vurdu. O vaxt isə erməni tribunasında xeyli OMONçu vardı və ora girmək artıq mümkün deyildi. Bu vaxt məlum oldu ki, ermənilərdən birinin telefonu bizimkilərin əlinə keçib və həmin an ikinci böyük səhv baş verdi: o, ermənilərə müraciət edərək dedi ki, kişisinizsə, telefonu götürün, amma əvəzində bayrağımızı qaytarın.
Çünki erməni “əlbəttə, qardaş can” deyərək telefonu götürdü, amma bayrağımızı qaytarmadı. Beləliklə, bu Artur adlı şəxs öz həmyerlilərinin hamısını “nakişi” çıxardı”.