Əzmkar oyun və Qurban Qurbanovun böyüklüyü - YAZI

21:10 13 Noyabr 2018

Tarixi məkan və solğun üzlər

Ukraynanın şimal-şərq hissəsində yerləşən Poltava vilayətinə gəldiyim an axşam vaxtlarına təsadüf edirdi. Hava limanından (xatırlatma – Bu hava limanı yenidənqurmadan sonra belə ideal vəziyyətdə deyildi) yenicə çıxmışdım ki, qaranlığa hakim olmuş küçələr, heç də ideal vəziyyətdə olmayan yollar və sakit şəhər mənim diqqətimi yaman çəkdi. Bu ölkəyə, o cümlədən də Poltavaya ilk səfərim idi. 3 günlük səfər müddətində insanların üz cizgilərində olan kədər deyərdim ki, məni darıxdırırdı da. Nə qədər üzü solğun, gülməyən insan tipi görərsən.

İndi düşünəcəksiniz ki, Poltava səfərindən yazı yazılır və bütün cümlələr də bədbin notlarla. Bir az yaxşı məqamlardan danışaq.

Poltavanın bir çox yerində neft və qaz yataqları var. Bundan əlavə, ərazi kənd təsərrüfatı üzrə də mərkəzləşib. Soyuq noyabr ayında şəhəri gəzərkən hər yerdə “yarpaq tökümü”nə rast gələ bilərdin. Əslində, vilayətin hər bir nöqtəsində bu xoş mənzərəni hər an görmək olardı.

Poltava döyüş meydanı və tarixi muzey

Tarixi məkanları çox sevirəm. İllər boyunca tarixi kitablar oxumağım etdiyim səfərlərdə də özünü göstərə bilib. Poltavaya gəldiyim günün ertəsi yollandım Poltava döyüşünün baş verdiyi meydana. Əvvəlcə bu döyüş barədə qısa məlumat verim. Tarixi döyüş 1709-cu ildə ruslarla İsveç ordusu arasında baş verib. Burada rus ordusunun həlledici qələbəsi Şimal müharibəsində dönüş nöqtəsi oldu və İsveçin Avropada əsas hərbi qüvvə kimi mövqelərini sarsıtdı.

Və nəhayət, döyüşün baş verdiyi meydana gəlib çatdım. Meydanın ərazisi abad bir məkana çevrilmişdi. Ara-sıra yerli əhali də bu əraziyə baş çəkir, kimisi çəkil çəkdirir, kimisə də bu məkana gələrək, saatlarla xoş vaxt keçirirdi. Meydanın ərazisində bir neçə tikiliyə, o cümlədən kilsəyə də rast gəldim. Meydanla üzbəüz isə muzey yerləşirdi. Həmin muzeydə Poltava döyüşü ilə bağlı sərgilər və döyüş zamanı istifadə edilən texnikaların, müxtəlif növ qədimi silahların qalıqları, geyimlər və digər maraqlı detallar əks olunmuşdu. Səfərin ikinci gününüdə belə bir tarixi məkana gəlmək mənim üçün həm fərqli, həm də yaddaqalan oldu.

Vorskla – “Şüşə oğrusu”

Səfərimin əsas məqsədlərindən biri də Avropa Liqasının qrup mərhələsinin IV turunun oyunları çərçivəsində baş tutacaq “Vorskla” – “Qarabağ” matçına baxmaq idi. Amma oyundan əvvəl düşündüm ki, “Vorskla” sözünün mənasını araşdırım, buradakı eyni ada malik çaya baş çəkim, “Vorskla” stadionunun şəraiti ilə də maraqlanım. Demək olar ki, bütün istəklərimə də nail oldum. İlk öncə öyrəndim ki, “Vorskla” sözünün mənası “Şüşə oğrusu” deməkdir. Klubun adınının belə məna verməsi bir çoxları kimi məni də heyrətləndirdi.

Eyni ada malik “Vorskla” çayına da getməli oldum. Sakit axara malik çay şəhəri hissəyə ayırırdı. Bu çay kənarında ruhum dincəldikdən sonra üzü “Vorskla” stadionuna tərəf getdim. Olduqca köhnə, şəraiti ideal vəziyyətdə olmayan kasıb stadionu təsiri bağışladı. Vaxt tapıb stadionun jurnalistlər üçün ayrılan sektora da getdim. Burada gördüyüm mənzərə də məni xeyli təəccübləndirdi. Oyuna qısa zaman qalarkən, stadionun, o cümlədən mətbuat nümayəndələri üçün ayrılan sektorun baxımsız, toz, torpaqlı durumda olmasına heç bir izah tapa bilmədim.

“Qarabağ”ın bayram hədiyyəsi

Noyabrın 8-də baş tutan görüşə Poltavada maraq çox da böyük deyildi. Araşdırma zamanı məlumat verildi ki, marağın az olmasının “Qarabağ”la heç bir bağlılığı yoxdur. Söhbət ondan gedir ki, bu şəhərin stadionunu tam dolu görən olmayıb, yəni ilk dəfə deyil bu mənzərə baş verir. Havanın soyuq və şaxtalı olması da, azarkeşlərin stadiona gəlməsində xeyli rol oynadı. Bir sözlə, sakit və qəmgin şəhərdə heç də hamı futbol ab-habasında deyildi. Amma bütün bu hallara baxmayaraq, “Qarabağ” “Vorskla” stadionunda möhtəşəm oyunu ilə fərqlənə bildi və minimal hesablı qələbə “Qarabağ”ın bizlərə bayram hədiyyəsi oldu. Çünki 9 noyabr – Bayraq günü idi. Bu qələbəni xalqımız Bayraq günündə ikiqat sevinclə qarşıladı.

Əzmkar oyun və Qurban Qurbanovun böyüklüyü

Hava soyuq olsa da, stadion şaxta ilə əhatə olunsa da, oyuna Poltavada  xeyli maraq göstərilməsə də, oyun zamanı meydanda əzmkar “Qarabağ” var idi. 90 dəqiqə ərzində üstün oyun sərgiləyən, qol vurub yorulmaq bilmədən daha bir neçə qol vəziyyətləri yaratmağı bacaran “Qarabağ”a səfər görüşü üçün alqış demək, əhsən demək düşür. Bu amil təkcə futbolçulara deyil, məşqçilər heyətinə də şamil edilir. Baş məşqçi Qurban Qurbanovun futbolçuları oyuna yaxşı kökləməsi, inamın güclü olması qələbəyə gətirib çıxardı. Qurban Qurbanovun təcrübəli mütəxəssis kimi son illərdə qazandığı uğurlar, Azərbaycan futbol tarixinə yazdığı nailiyyətlərdən saatlarla danışmaq olar. Qurban bəyin böyüklüyü də bu sırada qeyd olunmalıdır. Hər zaman sadəliyi ilə seçilən Qurban Qurbanovu jurnalistlər bu dəfə də eyni ampulada gördülər. Səmimi davranış bu dəfə də gözümüzdən yayınmadı. Ən maraqlı məqam isə oyunndan sonra yaşandı. Məlum olduğu kimi, “Vorskla” – “Qarabağ” matçından sonra xoşagəlməz sürprizlə qarşılaşdıq. Şaxtalı hava təyyarənin Poltava hava limanından səmaya qalxmasına imkan vermədi. “Hava gəmisi”nin təkərlərinin don vurması “Qarabağ”ın gecəni də bu şəhərdə keçirməsinə səbəb oldu. Poltavada otel həddindən artıq çox azdır. Beləcə, yenidən komandanın və jurnalistlərin otellərdə yerləşməsində çətinlik yarandı. Amma komanda bu çətinliyin öhdəsindən qısa zamanda gələrək, futbolçuları və jurnalistləri otellərdə yerləşdirməyə müvəffəq oldu. Bu zaman klubun nümayəndələri ilə bərabər, baş məşqçi Qurban Qurbanov qaldıqları otelin restoranında gecələdilər. Necə? Stullar yan-yana düzüldü və beləcə yuxuladılar. Komanda və baş məşqçi belə olar. Bu həm də Qurban Qurbanovun böyüklüyünü göstərdi.

 

 

P.S. Bu arada Poltavada olarkən bizi xoş qarşılayan, hər an yanımızda olan soydaşlarımıza minnətdarlığımı bildirirəm.

 

Rüfət Nadirli



Digər xəbərlər

Xəbər xətti