"Milli komandaya dəvət alırıqsa, oynamağa hazırıq. İlk hissənin sonlarında mənə dedilər ki, meydana çıxmağa hazırlaş. Mən də isinmə hərəkətləri etməyə başladım və fasilədən dərhal sonra qapıda yerimi tutdum. Rəqib məni çox narahat etmədi. Qələbə qazanmışıqsa, əlbəttə, baş məşqçimiz razı qalıb".
Sportarena.az xəbər verir ki, bu sözləri millimizin qapıçısı Səlahət Ağayev UEFA Millətlər Liqasının 5-ci turunda evdə Farer adalarını 2:0 hesabıyla məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında bildirib. Səlahət fasilədə əvəzlədiyi əsas qapıçı Kamran Ağayevin son durumundan məlumatsız olduğunu söyləyib: "Kamranın zədəsinin nə dərəcədə ciddi olduğunu bilmirəm. Ancaq ayağında ağrıları vardı. Milliyə dəvət alırıqsa, mən də, Emil Balayev də hər an oynamağa hazır olmalıyıq".
Qolkiper Kosovonun səfərdə Maltaya 5:0 hesabıyla qalib gəlməsinə də toxunub: "Əsas öz oyunumuzu fikirləşirik. Bildiyiniz kimi, Kosovoyla səfərdə çətin matçımız qalıb. Öz oyunumuza köklənib yaxşı nəticə qazana bilərik. Əlimizdən gələni edərək qələbəyə nail ola bilərik. Başqa yolumuz yoxdur".
"Neftçi"nin 28 yaşlı qapıçısı noyabrın 20-də Priştinadakı həlledici matçda Kamran Ağayevi əvəzləməyə hazır olduğunu bildirib: "Allah eləsin ki, Kamranın vəziyyəti yaxşı olsun. Futbolçudur, heç kim istəməz ki, zədə alsın. Mənə ehtiyac olarsa, ilk dəqiqələrdən oynamağa hazıram".
Qeyd edək ki, millimiz qrupdakı son oyununu noyabrın 20-də Priştinada Kosovoya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Qurban Qurbanovun komandası yalnız rəqibini məğlub edəcəyi halda adını pley-offa yazdıracaq.