Millətlər Liqasının D qrupunda son tur matçında səfərdə Kosovoya biabırçı (0:4) məğlubiyyətə uğrayan milli komanda ətrafında ciddi proseslər başlayıb.
Sportarena.az xəbər verir ki, hətta baş məşqçi Qurban Qurbanov oyundan sonra postundan getməyə hazır olub. Mütəxəssis fikrini birbaşa AFFA-nın baş katibi Elxan Məmmədova bildirib. Qurum rəsmisi Qurbanova buna ehtiyac olmadığını deyərək, işini davam etdirməsi lazım olduğunu qeyd edib. Məlumatı verən mənbənin sözlərinə görə, hazırda Qurbanovun baş məşqçi kimi işində qalması baş katibə sərf edir. Çünki istər media, istər azarkeşlər, istərsə də futbol ictimaiyyətinin əksər üzvləri Qurban Qurbanovu bəyənir, belə demək olarsa, xətrini çox istəyir. Belədə bütün fikirlər AFFA-ya yox, məhz bu mütəxəssisə yönəldikdə, “zəifləyərək” gücünü itirir. Bu isə uğursuzluqlar zamanı tənqidlərin qarşısının alınması üçün əla vasitədir.
Qurbanovun ilk olaraq hələ millinin Malta ilə ev oyunundan sonra getmək fikrinə düşdüyü də mənbənin məlumatları içərisindədi. Baş məşqçi gedişatın heç də xoş olmadığını, əlindəki "material"la qrupdan çıxma perspektivinin az olduğunu görərək bu addımı atıb. Ancaq məsələyə Elxan Məmmədov müdaxilə edərək, onu fikrindən daşındırıb. (Rekord.az)