"Son günlər bu oyun ictimaiyyətdə geniş müzakirə olunur. Daha doğrusu matçdan çox 3-4 istqamətdə günahkar(lar) axtarılır. Böyük ölçüdə ümumi futbolun problemləri qalıb kənarda fərdlərin müdafiəsi gedir. Təki Kosovada da hərtərəfli belə müdafiə xətti olaydı."
Bu sözləri Sportarena.az saytına açıqlamasında "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov deyib.
O, millimizin Kosovoya biabırçı məğlubiyyətinin (4:0) səbəbini belə izah edib:
"Kosovayla deyil, Millətlər Liqası çoxdan uduzulmuşdu. Sadəcə son oyun bunun təsdiqi idi. "Xəstə" orqanizmə ilk olaraq dəqiq diaqnoz qoyulmalıdır, sonra əməliyyat və müalicə... Bir "cərrah" deyir problem başdadır, digəri deyir yox, bədənə virus düşüb, bir başqası isə ayaqların iflic olunmasını bildirir. Təəssüf ki, əksər hallarda "diaqnoz"lar yayındırıcıdır, bəzi hallarda məqsədlidir.
Belə xaos "xəstə" orqanizm(lər)in özünə sərfəlidir. Ara qatılır, əsl problemlər yaddan çıxır, oyunlar olmasa da vaxt udulur. Fikir verirsinizmi, cavabdehlərin hamısı susub. Vəziyyət sakitləşsin bir-bir üzə çıxacaqlar və növbəti illər üçün "nağıl"lar kompaniyasının planları cızılacaq. "Xəstə" orqanizmin sağalması üçün ilk öncə güclü, qətiyyətli, xalqını sevən, bacarıqlılar lazımdır və onlar Azərbaycan futbolunda az olsalar da, yox da deyillər. Payız aylarında ağaclardan tökülən saralmış yarpaqları müzakirə etməklə futbol düzəlməz."
Nuh TARVERDİYEV