Futzalımızın don kixotları və fərari iranlılar

13:39 28 Noyabr 2018

Hamımızın “Axırıncı aşırım” filmindən tanıdığımız “Qəmlo” obrazı hələ sovet dövründə igidlik və qəhrəmanlıq mücəssəməsi kimi özünə rəğbət qazanıb. Əslində o dövrün tələbinə görə mənfi rol sayılan Qəmlonu Məlik Dadaşov elə canlandırıb ki... Onun Kərbəlayi İsmayılla dialoqlarından biri daha çox xatırlanır. Yəqin "Abbasqulu bəyin nazı ilə çox oynayırsan a, Kərbəlayi" ifadəsi hamıya yaxşı tanışdı. Rollardakı təyinatı dəyişsək, “Kərbəlayi İsmayıl” Futzal Federasiyası, “Abbasqulu bəy” isə iranlı legionerlərdən qurulan komandalardı... 

 


Futzal mövsümü inqilabi dəyişikliklərə səhnə olmalı idi. İllərdi Zaur Axundova sədaqətlə xidmət edən Mahmud Sadıqov baş katib postundan göndərildi, həmin ştat, ümumiyyətlə, ləğv olundu. AFFA Futzal Federasiyasına öz adamlarını – Rəmiş Malıyevi (vitse-prezident), Zaur Hacı-Məhərrəmovu (əlaqələndirici), Fərrux Hüseynzadəni (mütəxəssis) təyin etdi, mətbuat xidməti yaradıldı, həmkarımız Mahal Məmmədov ora təhkim olundu, sayt fəaliyyətə başladı və s. Amma “inqilab”ın əsas mahiyyəti bu olmamalı idi. “Yenilər” söz vermişdilər ki, limit məsələsinə baxılacaq, oyunlar mümkün qədər bir məkanda - Bakı İdman Sarayında keçiriləcək, təxirəsalmalar olmayacaq, bu məsələdə heç kimə güzəşt edilməyəcək... Yəni Mahmud Sadıqovun vaxtında ən çox şikayətə səbəb olan qüsurların aradan qaldırılacağını vəd etmişdilər. Nə baş verdi, biz hansı mənzərəni müşahidə etməkdəyik? 

 


Çox keçmədi ki, yarışların təşkili və keçirilməsi üzrə əlaqələndirici Haçı-Məhərrəmovun dilindən “geriyə addımdan” xəbər verən açıqlama eşitdik: “Bu mövsüm bizim üçün sınaq ili olacaq. Çempionatda müşahidə olunacaq neqativlərə yeni mövsüm ərəfəsində əncam çəkəcəyik. Limit məsələsinə də onda baxacağıq. Əks halda, iranlı legionerlərdən formalaşan klublar pis vəziyyətdə qalacaq, çətinlik çəkəcəklər”. Beləliklə, “naz əməliyyatı”nda ilk addım atıldı. Halbuki ötən mövsümün sonunda, kubokun finalında başverənlər onlara dərs olmalı idi. Aşağı dəstədə VİP adı ilə çıxış edən, kuboka isə heyətini tam iranlılardan quraraq “Uğur” kimi qatılan Fuad Rzayevin komandası futzal rəhbərliyində çalışanları urvatsız eləmiş, ucuz tutmuşdu. Məğlubiyyətlə barışmayıb meydandan üsyankarcasına ayrılmış, medalları almaqdan imtina etmişdilər. Futzalçıların Təbriz ləhcəsindəki çığır-bağırları hələ də qulaqlarımdadı. Tanış səs iki-üç tur əvvəl Bakı İdman Sarayında Zaur Hacı-Məhərrəmovu ittiham edirdi: “Baba, harda iranlı oyunçular var, bizi öldüreysüz. Hakimlər “Yasamal”a, “Xəzər”ə, “Liman”a divan tutey. “Araz”ı çempiyon eləməy isteysüz, indidən kuboku verün də onlara. Əbəlfəzi, razıyuğ. Amma qoy futzalımızı oynıyağ”. 

 


Bəli, ölkəsində əsgərlikdən yayınmaq üçün hansısa dəllalın vasitəsilə Azərbaycana axın edən iranlıların nazı ilə oynayan Futzal Federasiyası indi onların əlində oyuncağa dönüb. O qədər çarəsizdilər ki, hər istədiklərini yerinə yetirməyə məcburdular. Təki kənara səs çıxmasın, təki çempionat dağılmasın, təki mətbuatın dilinə düşməyək. Cəmi 10 tur arxada qalıb, artıq 3 oyun təxirə salınıb. Ardıcıl ikinci dəfədi bir “İran komandası”nın istəyinə görə hansısa görüş baş tutmur. 11-ci turda qarşılaşmalı olan “Xəzər Cənub”la “Yasamal”ın oyunu da qeyri-müəyyən müddətə keçirilib. Biabırçılıq odu ki, bu komandaların birinci dövrədəki görüşü də baş tutmamışdı və hələ də həmin oyun təşkil olunmayıb. Bu necə çempionatdı? İki gündən bir “sənəd probleminə görə” yarışı iflic edən iranlılardan niyə bu qədər asılıyıq, anlamaq çətindi. Onsuz da heyətinin 90 faizi legioner olan bu komandaların Azərbaycan futzalına faydası yoxdu. Rizvan Fərzəliyevin “Futbol+”ə “iranlıların heç də hamısı səviyyəli deyil” etirafını yuxarıdakılar da bilir, görür, eşidir. Onda onları niyə bura doldurub Mahir Eyniyevin pulu, əziyyəti, enerjisi, stressi bahasına başa gələn, sırf öz balalarımızdan qurulan “Yasamal” İSK-nı yem edir, əzdiririk? İnqilab, islahat bu idisə, boşuna əziyyət çəkmisiz, cənablar! Əksinə, daha bir mövsümü boşa vermisiz. “Araz”ı legionerlərdən məhrum etmək, rəqiblərini ucdantutma səviyyəsiz, fərari iranlılarla gücləndirmək və guya bununla çempionatda rəqabət yaratmaq cəhdi Don Kixotun qılıncla küləyə qarşı savaşmasına bənzəyir, başqa heç nəyə... ("Futbol plus" qəzeti)


Digər xəbərlər

Xəbər xətti