"Neftçi"nin prezidenti Kamran Quliyev Sportarena.az-a müsahibə verib.
- "Sabah" üzərində qalmaqallı qələbə qazandınız, oyunla bağlı fikirləriniz?
- Bu oyuna Rəhim Həsənov baxsa, öz səhvlərini görəcək. Bizə lazımdır ki, hakimlərimiz Azərbaycanı Avropada təmsil etsinlər. Bu oyunla hara gedə biləcəklər?
- Hakim səhvlərini nə ilə əlaqələndirərdiz?
- Mən hakimin niyə belə etdiyindən xəbərsizəm. Bizim oturduğumuz yerdə monitor yox idi, oyundan sonra əməkdaşlarımız zəng edib məni məlumatlandırdılar. Azərbaycan çempionatını hamı tənqid edir. Bu gün (Dünən) gözəl oyun keçdi. Oyunun qəhrəmanı futbolçular olmalıdı, hakimlər yox.
- Protokolda hər hansısa bir etiraz bildirdiniz?
- Bəli, həmin epizodlar müzakirə olunandan sonra Hakimlər Komitəsinə öz etirazımızı bildirəcəyik. Biz kiminsə haqqına girmək istəmirik, nə də istəmirik ki, kimsə bizim haqqımıza girsin.
- "Sabah" - Neftçi" oyunundan çıxan kimi dərhal Sumqayıta yollandınız. Bu, növbəti turda "Sumqayıt"la qarşılaşacağınız üçündür?
- Yox, Kamran Quliyev bura başqa adam kimi gəlib. Mən "Sumqayıt"da canımı qoymuşam. "Sumqayıt" Kamran Quliyevin ürəyinin bir parçasıdır. Bu arada, bütün "Sumqayıt" azarkeşlərini təbrik edirəm. Nəhayət ki, Yenidən öz stadionlarına qayıtdılar.
- Qış fasiləsində yeni transferlər olacaqmı?
- Yeni transferlər olmalıdır. "Sumqayıt"la oyundan sonra baş məşqçi ilə oturub bu məsələləri müzakirə edəcəyik.
Nuh TARVERDİYEV