Topaz Premyer Liqasının 13-cü turunda "Neftçi" səfərdə "Sabah"a 2:1 hesabı ilə qalib gəlib.
Sportarena.az xəbər verir ki, oyundan sonra "ağ-qaralar"ın hücumçusu Baqali Dabo jurnalistlərə müsahibə verib. Fransalı forvard öncə qələbədən danışıb:
- Yaxşı qələbə oldu, komanda meydanda əla iş gördü. Hər kəs öz komanda yoldaşına görə meydanda döyüşmyə hazır idi və bunu edirdi. Çox vacib qələbə oldu.
- Gözünün birinə qan gəlib. Matç zamanı baş verib, yoxsa qarşılaşmadan əvvəl belə idi?
- Bu oyunda baş vermədi. Bundna əvvəlki turda olub. Yaxşılığa dorğu gedir.
- Qırmızı vərəqə aldığın epizoda etiraz edirdin. O epizodda hakimi aldatmağa cəh etmişdin, yoxsa həqiqətən də sənə müdaxilə olmuşdu?
- Deyə bilmərəm ki, penalti var idi, yoxsa yox. Ancaq 100 faiz əminliklə deyə bilərəm ki, orada simuliyasiyadan söhbət gedə bilməz. İlk sarı vərəqəni alandan sonra oyun ərzində hiss edirdim ki, baş hakim Rəhim Həsənov mənə qırmızı vərəqə vermək istəyir.
- Bunu hiss edirdinsə, niyə baş məşqçiyə demədin ki, səni əvəzləsin?
- Mən bunu demirdim. Elə cür davranırdım ki, ikinci sarı vərəqəni almayım. Orada simuliyasiya etmədim. Qərar doğru deyildi.
- Qırmızı vərəqə aldıqdan sonra gah su içdin, gah da hakimi ironiya ilə alqışladın və meydanı tərk etmək istəmirdin. Səhv hərəkət etdiyini düşünmürsən?
- Deməzdim ki, səhv etmişəm, bunu bilərəkdən etdim. Azarkeşlərimizi də salamladım. Onlara dəstək üçün təşəkkür elədim. Bu, səhv addım deyildi. Qırmızı vərəqədən sonra nə istəsəydim, edə bilərdim. Onsuz da qovulmuşdum.
- Final fitindən sonra qələbəni olduqca çılğın şəkildə meydana qaçıb qeyd etdin. Bu, hakimin qərarlarına görə belə idi?
- Çox yaxşı iş görmüşdük. Üstəlik, iki qırmızı vərəqə almağımıza baxamayaraq, qələbə qazandıq. Belə qələbələr emosiyalara səbəb olur. Bizim üçün heç də asan olmadı. Qalib gəlmək üçün hər şey etdik. Göstərdik ki, bizə nə qədər qırmızı vərəqələr versələr də, qələbə qazana bilərik. Yəqin ki, gələn dəfə bizi dayandırmaq üçün 3 qırmızı vərəqə verməlidilər.