“Sumqayıt”ın prezidenti Riad Rəfiyev Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirilən oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az həmin müsahibəni təqdim edir:
- Yenilənmiş arenadakı ilk oyundan qələbə ilə ayrıldınız. Fikirləriniz?
- Hər məşqçinin oyun planı, sistemi və cizgiləri var. Ən əsası odu ki, komanda bu gün 3 xalı qazandı. Bu arenadan 6 aydan çox idi ki, istifadə edə bilmirdik. Ən əsası odu ki, doğma şəhərimizdəki ilk oyunumuzda 3 xal qazandıq. İnanıram ki, ardı da gələcək.
- Ayxan Abbasovun gəlişindən sonra komandanın oyunundakı dəyişikliklər hiss olunur. Bu klub prezidentini qane edirmi?
- Əlbəttə. 3 xal olanda klub prezidenti həmişə sevinir. Fikrimcə, "Sumqayıt” hər zaman gözəl və baxımlı futbol oynayıb. Bu, bizim prinsiplərimizdən biridi. İnanıram ki, hər zaman baxımlı futbol oynayıb, qalib gələcəyik. Qalib gəlməyimiz önəmlidi.
- "Sumqayıt” azarkeşləri uzun illərdi komandanın avrokuboklarda iştirak etməsini gözləyir. Bu mövsüm onu reallaşdırmaq üçün nələr var və nələr çatışmır?
- "Sumqayıt” azarkeşinin onu istəməyə və tələb etməyə haqqı var. Çünki komanda neçə mövsümdü ki, bu hədəfə yaxınlaşır. Son oyunlarda isə nəsə alınmır. Amma çalışacağıq və əlimizdən gələni edəcəyik ki, avrokuboklara vəsiqə qazanaq.
- Növbəti turda "Neftçi” ilə qarşılaşacaqsız. Flaqmanı dayandıran tapılmır. Onları dayandıra biləcəksinizmi?
- "Neftçi” gözəl futbol oynayır. Buna söz ola bilməz. Bütün komandalara və "Neftçi”yə də uğurlar arzu edirəm. Əlimizdən, ayağımızdan gələni edəcəyik ki, "Neftçi” ilə matçda qalib gələk.
- "Neftçi” ilə matça görə xüsusi mükafat olacaqmı?
- Onu oyundan sonra danışarıq. Hələ ki, nəticənin necə olacağını bilmirik.
- Oyundan öncə motivasiya olacaq?
- Futbolçular maliyyəyə görə oynamamalıdılar. Futbolçular "Sumqayıt”a, azarkeşlərə və özlərinə görə oynamalıdılar. Pula görə yox.
- Ehtimal olunur ki, kubokda da "Neftçi”yə rəqib ola bilərsiz...
- Bu reallaşsa, 3 oyun ardıcıl bu komandaya qarşı oynayacağıq. Çətin olacaq. Heyətimiz elə də böyük deyil. Hər şeyi zaman göstərəcək.
- Avrokuboka vəsiqə üçün çempionatı, yoxsa kuboku əsas məqsəd olaraq seçəcəksiz?
- "Sumqayıt” üçün hər ikisi vacibdi. Nə qədər mümkündürsə, o qədər də irəli getmək istəyirik.
- Amma komanda ötən mövsüm hər ikisi üçün cəhd etdi və gücü çatmadı…
- Futboldu. Hər zaman istədiklərimiz reallaşmır. Ötən mövsümkü səhvləri analiz etməli və hazırkı matçları qələbə ilə başa vurmalıyıq. Öz səhvlərimizin üzərində öyrənib, irəli getməliyik.
- Ən yaxın yolu seçməlisiz?
- Baş məşqçi bunu daha yaxşı bilir. Ondan soruşsanız, o sizə cavab verər. Bizim heyətimiz elə də böyük deyil. Amma hər ikisində də mübarizə aparmalıyıq.
- Bəzi məlumatlara görə, artıq komandaya yeni futbolçular cəlb etmək üçün çalışmalara başlamısız. Onlar kollektivə nə vaxt qoşulacaqlar?
- Hazırda 2-3 futbolçu ilə danışıq aparırıq. Hər üçü Azərbaycanda oynamır. Azərbaycanlıdılar, amma ölkə xaricində çıxış edirlər. Alınsa, onları komandaya cəlb edəcəyik.