“İki fərqli hissə oldu. İlk hissədə xarakter nümayiş etdirdik. İkinci hissənin əvvəlində isə uğursuz bir epizod oldu və hesabda geri düşdük. Bundan sonrakı hadisələr də əleyhimizə işlədi”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Şüvəlan”ın baş məşqçisi Aqil Nəbiyev Azərbaycan kubokunun 1/8 finalında “Keşlə” ilə keçirilən oyundan sonra deyib. 0:3 hesabı ilə uduzaraq turnirlə vidalaşan komandanın çalışdırıcısı uğur qazanacaq gücdə heyətlərinin olmadığını bildirib:
"Açığı, bizim komandanın əsasını gənc futbolçular təşkil edir. Geniş heyətimiz yoxdur, qarşıda çempionat oyunu gəlir. Bütün bunları nəzərə alsaq, ilk hissədəki əzmkarlıq məni razı saldı. Bu gün həqiqətən də Premyer Liqa ilə birinci divizion arasında fərq var”.