"İlin son oyununda xal qazanmaq istəyirdik. Futbolçular əzmkarlıq göstərdilər, onlardan razıyam".
Sportarena.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib.
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Abbasov görüş haqda düşündüklərini söyləyib:
"Uşaqlar son vaxtlar məşqlərdəki performansı oyunlarda da davam etdirirlər. Uşaqlara bildirdim ki, bu tempi saxlamaq lazımdı. Bir xal bizim üçün bu gün uğurdu. Rəqibi yaxşı analiz etmişdik. Lider komandadı. Üstünlükləri var. İlk dəqiqələrdə əks-hücumlar zamanı qol vura bilərdik. Son dəqiqələrdə sistemi dəyişdik. Ümumilikdə 4-lü müdafiə ilə oynadıq. Arif Daşdəmirov sağ yarımmüdafiəçi kimi oynadı. Bəzən 6 müdafiəçi olurduq. "Neftçi" ikinci hücumçunu buraxmışdı, bütün qüvvə ilə irəli atılmışdı. İstəmirdim ki, futbolçuların əziyyəti hədər getsin. Müdaxilə etməli idim. Railin iki epizoddakı düzgün oyunu ilə gördük ki, doğru addım atmışam".