Topaz Premyer Liqasının XIV turu “Qarabağ”ın iki futbolçusu üçün yubileylə əlamətdar olub.
Sportarena.az xəbər verir ki, “Zirə” ilə səfər oyunundakı 6:0 hesablı qələbədə qolla pay sahibi olan Mahir Mədətovla Dani Kintana yubiley qeyd edib. Hər iki oyunçu Premyer Liqada 25-ci qolunun sevincini yaşayıb.
Hamısı “Qarabağ”ın heyətində olmaqla 73-cü görüşünə çıxan Kintana het-trik müəllifi olub. Bu matçadək 23 qol vuran ispaniyalının 34-cü dəqiqədə “Zirə”nin qapısından keçirdiyi özünün 2-ci topu yubiley xarakteri daşıyıb. Kintana oyunun sonunadək qol sayını 26-ya da çatdırıb. Dani həm də Mahirdən sonra cari mövsümdə het-trikə imza atan 2-ci futbolçudu.
42-ci dəqiqədə fərqlənən Mədətov isə Premyer Liqadakı 25-ci qoluna 90-cı matçında imza atıb. Bütün qollarını “Qarabağ” formasında rəqib qapılarından keçirən gənc hücumçu bu oyunların 74-nə Ağdam klubunun heyətində çıxıb.
Qeyd edək ki, “Qarabağ”ın “Zirə” üzərindəki qələbəsi mövsümün rekordu ilə də əlamətdar olub. Qurban Qurbanovun yetirmələri mövsümün ən böyükhesablı qələbəsinə imza atıb.