Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi" ilə qarşılaşacaq "Sumqayıt" oyunun hazırlıqlarını davam etdirir.
Sportarena.az xəbər verir ki, komanda Ayxan Abbasovun rəhbərliyi altında növbəti məşqini keçirib.
Premyer Liqanın 14-cü turunda "Neftçi" ilə qarşılaşmada zədə alan Əfran İsmayılov məşqdə iştirak etməyib. Xəyal Nəcəfovla Vurğun Hüseynov isə fərdi hazırlıqla kifayətlənib. Bundan başqa, əvəzedici heyətdən Baxşəli Baxşəliyev, Səbuhi Abdullazadə və Tural Bayramlı əsas komandanın hazırlıq prosesinə cəlb olunub. Təxminən, 1,5 saat davam edən məşqdə öncə fiziki, ardınca isə toplu hərəkətlər üzərində çalışılıb. Hazırlığa ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" qarşılaşması 15 dekabr, saat 19:00-da "Bakcell Arena"da keçiriləcək.