"Neftçi”nin yeni transferi Mamadu Mbodj klubun rəsmi saytına müsahibə verib.
- Yeni klubda özünüzü necə hiss edirsiniz?
- Hər şey yaxşıdır. Görürəm ki, səviyyəli komandamız var. Bəzi oyunlara baxıb, sözün yaxşı mənasında təəccüblənmişəm. Düzdür, güclü bir komandaya gəldiyimi bilirdim, amma yenə də yaxşı mənada heyrətləndim.
- Hava şəraitinə uyğunlaşa bilirsiniz?
- Bəli, artıq uyğunlaşmışam. Onsuz da Litvada daha da soyuqdur. Buranın havasını daha çox bəyəndim.
- Bəs komanda yoldaşlarınıza necə, adaptasiya ola bilirsiniz?
- Çox yaxşı komandamız var. Bura gələnədək heç kimi tanımırdım. Yalnız bir-iki dəfə Soni Mustivarla telefon vasitəsilə əlaqə saxlamışdım. O, "Neftçi” haqda çox yüksək fikirlər söyləmişdi. Sonini dinləyəndən sonra anladım ki, mütləq özümü bu komandada sınamalıyam.
-"Neftçi” hazırda ölkə çempionatında birinci yeri tutur...
- Bilirəm ki, qarşıya çempion olmaq məqsədi qoyulub. Bunun üçün əlimizdən gələni edəcəyik.
- Azarkeşlərimiz haqda nə deyə bilərsiniz?
- "Neftçi”nin güclü azarkeş ordusuna malik olduğunu bilirəm. Baxdığım qarşılaşmalarda da bunun şahidi olmuşam. İnanıram ki, öz oyunumla onların rəğbətini qazana biləcəm.