Sənan Qurbanov: "Evdə qol buraxmadan qalib gəldik"

16:55 16 Dekabr 2018

“Kubok oyunu fərqli olur. Çünki burda rəqiblə duel iki matçdan ibarətdir. Qarşılaşmadan öncə komandanı məlumatlandırmışdıq ki, səhv eləmək olmaz".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan kubokunun 1/4 finalının "Sabah"la ilk oyunundan sonra mətbuat konfransında deyib. 38 yaşlı çalışdırııcı 1:0 hesablı qələbəni belə şərh edib:

 

"Həm kollektiv şəkildə hücum etməli, həm də komanda şəklində müdafiə olunmalı idik. Bütün bunların detallarını futbolçulara aşılamışdıq. Bunun müəyyən hissələri alınsa da, tam şəkildə meydanda görmədim. Komanda halında müdafiə olunarkən müəyyən çatışmazlıqlar oldu. Nəticədə qapımız önündə təhlükələr yarandı. Hərçənd bilirdik ki, rəqib əks-hücumlarda təhlükəli epizodlar yarada bilər. Təəssüflər olsun ki, bununla bağlı verilən tapşırıqlar yerinə yetirilmədi. Amma bizim də qol imkanlarımız oldu. Həmin epizodları qola çevirsəydik, fərqli oyun ola bilərdi. Komanda qol imkanını qaçıranda psixoloji təsir edir. Sevindiricidir ki, evdə qol buraxmadan qalib gəldik. Cavab görüşünə daha ciddi hazırlaşacağıq ki, həmin səhvlər təkrarlanmasın. Rauf Əliyevin oyunundan razı qaldım, diqqətlidir, verilən tapşırıqları yerinə yetirməyə çalışır. Qismət Alıyev də verilən tapşırıqları düzgün yerinə yetirən futbolçulardandır. “Sabah” çox yaxşı komandadır. İlk oyundan sonra yarımfinal şanslarını yenə bərabər qiymətləndirirəm”.


Digər xəbərlər

Xəbər xətti