U-16 Liqası: 1-ci dövrə başa çatdı

13:12 21 Dekabr 2018

Dünən U-16 Liqasında 13-cü turun oyunları keçirildi. Bununla da birincilikdə 1-ci dövrəyə yekun vuruldu. Turnir cədvəlinin ilk «üçlüy»ündə qərarlaşan komandalar növbəti qələbələrini qazandılar. Bu həftə də tez-tez rast gəlinən iki rəqəmli hesab qeydə alındı. Təbii ki, autsayderin iştirakı ilə keçirilən matçda. Turun mərkəzi oyununda isə sevinən tərəf «Neftçi» oldu. 13-cü turun qısa icmalına elə mərkəzi oyunla başlayırıq.

 

«Neftçi» - «Zirə» 2:1

Qollar: Kənan Tağızadə, 58; Tural Axverdiyev, 77 – Teymur Kərimov, 73

 

Oyundan-oyuna formaya düşən «Neftçi» çətin rəqiblə görüşdə qələbə qazandı. Olduqca maraqlı mübarizə şəraitində keçən və komandaların baxımlı oyun sərgilədiyi matçda bütün qollar fasilədən sonra vuruldu. İkinci hissənin ortalarında Ayxan Süleymanlının cinah ötürməsindən sonra oyuna sonradan qoşulan Kənan Tağızadə hesabı açdı. Bundan sonra təzyiqi artıran qonaqlar 73-cü dəqiqədə istəklərinə çatdılar. Teymur Kərimov fərqləndi. Lakin matçın başa çatmasına 3 dəqiqə qalmış «Neftçi» qələbə topunu vura bildi. Ayxanın cinah ötürməsindən sonra Tural Axverdiyev toru sirkələdi. Qələbə sayəsində «Neftçi» turnir cədvəlində daha 1 pillə irəliləyərək 6-cı yerə yüksəldi. Halbuki çempionatın əvvəlində bu komanda «zirzəmi»də var-gəl edirdi. «Zirə»sə 4-cü yerdə qalsa da, liderlər qrupundan bir qədər də aralı düşdü. İndi «Zirə»ni liderlə 7 xal ayırır. Turun əsas oyununun yaxşılarına gəlincə, «Neftçi»nin baş məşqçisi Mirbağır İsayev «Zirə»dən Məhəmməd Səfərov, Nurəli Nurəliyev və komandanın kapitanı Cəlal Hüseynovun, «Zirə»nin baş məşqçisi Cəfər Hüseynov isə «Neftçi»dən Nihat Cəfərovla qapıçı Rza Cəfərovun oyununu bəyəndiyini söylədi. 

 

ROİL - «Qəbələ» 0:12

Qollar: Anar Tağıyev, 5; Ümid Həmzəyev, 16, 20; Asif Məmmədov, 29; Xəyal Səmədov, 37, 46, 69 (pen.); Gülağa Əsədov, 40; Mehrac Baxhəliyev, 59; Kənan Qaragözov, 61; Ülvi Mədətov, 66; Rəşad Əmrahov, 71

 

Belə oyunlar haqqında nəsə yazmaq çətin olur. Əslində, yazılası nəsnə də olmur. Bu üzdən, sadəcə, hesabı və qol vuran futbolçuların adlanıqı təqdim etməklə kifayətlənirik. Autsayderlə liderin oyununda qeydə alınan nəticə nə çempionata, nə də ROİL-ə yad hesab deyil. 13 tur ərzində ikirəqəmli hesabların sayı 6-dı ki, onlardan da 5-i ROİL-in iştirakı ilə keçirilən oyunlarda gerçəkləşib. Komanda çempionatın fasiləsində heyətə əl gəzdirməsə, növbəti il də mənzərə təkrarlanacaq.
 

«Sabah» - «Turan Tovuz» 6:1
Qollar: Bəhruz Tanrıverdiyev, 6, 28; Şahin Kərimli, 16, 26; Həsən Seyfullayev, 21; Aqil Qurbanov, 54 - Elmir Əsgərov, 18

 

Liderin ən yaxın izləyicisi də turu qələbə ilə başa vurdu. Artıq, 1-ci hissənin ortalarında oyunun taleyi həll olunmuşdu. 28-ci dəqiqədə 4 top fərqi ilə hesabda irəlidə olan «Sabah» qalan vaxta yalnız 1 kolla kifayətləndi. Lazım olsaydı…

 

«Səbail» - Gəncə TİM 8:0

Qollar: Nicat Quliyev, 3, 13, 32; Arif Məmmədov, 40; Rauf Ağasənov, 44, 75; Elməddin Qurbanlı, 45; Əziz Müzəffərli, 58 

 

Daha bir darmadağın «Bayıl Arena»da gerçəkləşdi. Ötən tur «Turan Tovuz»u səfərdə 6 cavabsız qolla məğlub edən «Səbail» bu dəfə qərb bölgəsinin digər təmsilçisini biabır etdi. Oyunda maraqlı görünən məqamlardan biri 2004-cü il təvəllüdlü Nicat Quliyevin «het-trik» etməsi idi. Digər maraqlı nüans isə Rauf Ağasənovun vurduğu 2 qolla bombardirlər yarışında liderliyə yüksəlməsi oldu. Sonda, bu tura kimi 12 oyunda cəmi 14 dəfə üzülən gəncəlilər birdən-birə qapılarından 8 qol buraxmaqla bir növ qeyri-adi rekorda imza atdılar.

 

İsgəndər Cavadov BFA – «Keşlə» 0:3
Qollar: Əbil Əbilov, 8; Vaqif Həsənov, 45, 49

 

Gözləndiyi kimi qonaqlar asan rəqiblə oyunda 3 xala sahib çıxdılar. Oyun onlar üçün o qədər də çətin keçmədi. Artıq, 1-ci dəqiqədə «Keşlə» hesabı aça bilərdi. Amma Əbil Əbilovdan ötürmə alan Kamal Kazımov topu ram edə bilmədi. Hesab 8-ci dəqiqədə açıldı. Əbil Əbilova qarşı edilən kobudluğa görə hakim cərimə meydançasının həndəvərində cərimə zərbəsi təyin etdi. Topa yaxınlaşan zərərçəkmiş «mərmi»ni «doqquzluğ»a göndərdi. Yolüstü napıçı Nail Əhmədovun barmaqlarına və dirəyə toxunan top sonda qapıdan keçdi. İlk yarıda qapılara başqa qol vurulmadı. Fasilədən sonra «Keşlə» daha 2 dəfə fərqləndi. Hər 2 qolun müəllifi Vaqif Həsənov oldu. 45-ci dəqiqədə o, Seymur Məmmədovun cərimə zərbəsindən qapı önünə etdiyi asmanı başla tamamladı. 4 dəqiqə sonra isə qapı önündəki qarmaqarışıqlıqda topu qapıya göndərdi. 
Yağışlı havada keçən görüşdə qazonun sürüşkən olması, eyni zamanda oyunun keçirildiyi Abşeron OİK-nin  meydanını standartlara uyğun olmaması (90m-60m) komandalara istədikləri oyunu sərgiləməyə mane olurdu. Məğlubiyyətə rəğmən, meydan sahibləri də zaman-zaman təhlükəli həmlələrlə yadda qaldılar. Xəzər Ağalızadə və Rəvan İbrahimov fərqlənməyə yaxın olsalar da, bir epizodda top qapının üstündən keçdi. Digərində isə «Keşlə»nin qapıçısı Elmar Əzizov topu tirin altından çıxara bildi. Doğrudur, oyunda daha 2 qol vuruldu. Lakin hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə «Keşlə»dən Nihat Abasov ofsaydda olduğu üçün qolu sayılmadı. Meydan saiblərindən isə İlham Ağayev eyni aqibətlə üzləşdi. O, Məhəmməd Nəcəfovun zərbəsindən sonra qapıçıdan geri qayıdan topu tora göndərmişdi. İsgəndər Cavadov BFA-nın baş məşqçisi Qəhrəman Əliyev «Keşlə»dən Əbil Əbilovun oyunun bəyəndiyini söşlədi. Qonaqların çalışdırıcısı Xəyal Mustafayev isə Xəzər Ağalızadənin adını çəkdi.

 

«Neftçi» İK İB – «Qarabağ» 2:2
Qollar: Kamran Baloğlanov, 7; Aşqin Abəzərov, 52 – Fidayə Əzizov, 12; Mirmövsüm Caniyev, 56

 

Turun ən maraqlı qarşılaşmalarından biri bu oyun oldu. Bol qollu matçda qalib müəyyənləşməsə də, hər iki komanda qələbəyə layiq idi. Hesab 7-ci dəqiqədə açıldı. Taleh Yusifavun ötürməsindən sonra Kamran Baloğlanov meydan sahiblərini hesabda önə keçirdi. 5 dəqiqə sonra Fidayə Əzizli cərimə zərbəsindən hesabı bərabərləşdirdi. Fasilədən sonra «Neftçi» İK İB hesabda yenidən önə keçdi. «Qarabağ»ın qapıçısı Cavidan İzzətli topu uzaqlaşdırmaq istəyərkən səhvə yol verdi və Aşqin Abəzərov ikinci qolu qonaqların qapısından keçirdi. 56-cə dəqiqədə oyundakı son qol vuruldu. Qapı önündəki qarışıqlıqdan Mirmövsüm Caniyev hamıdan yaşdı «baş çıxardı». «Neftçi» İK İB-nin baş məşqçisi Ramin Babayev «Qarabağ»dan Fidayə Əzizlinin, onun «Qarabağ»lı həmkarı Asif Əlizadə isə meydan sahiblərindən Kamran Baloğlanovun daha yaxşı oyun sərgilədiklərini bildirdilər.

 

«Viləş» - «Sumqayıt» 1:0
Qol: Orxan Quliyev, 75

 

Nəhayət, 1-2 kəlmə ilə sonuncu oyun haqqında. «Viləş» çempionatda ikinci qələbəsini qazandı. Masallı təmsilçisini sevindirən yeganə qol matçın başa çatmasına 5 dəqiqə qalmış vuruldu. Oyuna sonradan qoşulmuş 2004-cü il təvəllüdlü Orxan Quliyev sumqayıtlıları məyus etdi. Qarşılaşmanı izləyən həmkarımızın verdikləri məlumata görə, «Viləş»dən Tosif İbişov və Samir Əliyev, qonaqlardan isə Sərvin İsmayılovla İlkin Kərimli komandalarının ən yaxşıları idilər.

 

U-16 Liqasında 2-ci dövrənin ilk turu təqvimdə əvvəlcədən nəzərdə tutulduğu kimi dekabrın 27-də deyil, 2 gün əvvəl - dekabrın 25-də keçiriləcək və bununla da komandalar 1 aylıq fasiləyə yollanacaqlar. 14-cü turun oyunları: ROİL (Bakı)- «Zirə», «Neftçi» - «Sumqayıt», «Viləş» - «Keşlə», İsgəndər Cavadov BFA – «Qarabağ», «Neftçi» İK İB – «Turan Tovuz», «Sabah» - «Səbail», Gəncə TİM – «Qəbələ». 

Matçların başlama saatı və keçiriləcəyi yerlər məlum olsa da, mümkün dəyişikliklərin olma ehtimalını nəzərə alaraq, bu haqda bir qədər sonra məlumat verəcəyik.

 

Bombardirlər: Rauf Ağasənov («Səbail») – 15 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 14 qol.

 

U-16 Liqasında 13-cü turun oyunları dekabrın 20-də keçiriləcək və bununla da birinci dövrəyə yekun vurulacaq: «Sabah» - «Turan Tovuz», «Neftçi» İK İB – «Qarabağ», İsgəndər Cavadov BFA – «Keşlə», «Viləş» - «Sumqayıt», «Neftçi» - «Zirə», ROİL – «Qəbələ». 
Səbail - Gəncə TİM  

 

«Het-trik news»



Digər xəbərlər

Xəbər xətti