"Neftçi” iki legionerini göndərmək istəyir.
Sportarena.az fanat.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi Kvame Karikari və Slavko Braliçdən yaxa qurtarmağı arzulayır. Ancaq bu əcnəbilərlə aparılan ilkin danışıqlar mənfi nəticə verib. Rəhbərliyin uğursuz transfer siyasəti sayəsində komandaya cəlb edilən gəlmələr yüksək əməkhaqqı aldığından Azərbaycandan getməyə tələsmir. Anlaşmanı qarşılıqlı razılıq əsasında pozmaq və "azad agent”ə çevrilmək təklifini rədd edən legionerlər təzminat tələb edir.
İş o yerə çatıb ki, klub rəhbərliyi komandaya fayda vermədikləri halda, hərəyə ayda təxminən 10 min manat məvacib alan Karikari və Braliçə klub axtarır. Menecerlərlə olan əlaqələri işə salan rəsmilər Karikarini Türkiyənin aşağı liqa təmsilçilərindən birinə göndərməyə yaxındı. Bu, "İstanbulspor”du. Bakı təmsilçisinə Qətərin "Əl-Ərəbi” klubundan gələn qanalı hücumçu "İstanbulspor”a üz tutsa, bakılılar daha az xərcə düşəcək. Belə ki, "ağ-qaralar” forvarda müəyyən məbləğdə pul verərək büdcəyə az zərbə vurmuş olacaq.
Paytaxt təmsilçisinə "Şiroki Briyeq”dən təşrif buyuran xorvatla bağlı durum da fərqli deyil. Hazırda onunla maraqlanan yoxdu. Yayda Topaz Premyer Liqasında mübarizə aparan klublara illik 60 min manat məvacibə təklif edilən və sonradan daha yaxşı şərtlərlə "xalq komandası”na yerləşdirilən Braliç qazancından könüllü şəkildə imtina etmək niyyətindən çox uzaqdı.