U-16 Liqası: Yeni ilə lider kimi "Qəbələ" yollandı

12:00 27 Dekabr 2018

Dekabrın 24-25-də U-16 Liqasında 2-ci dövrənin ilk turuna 1 oyunla start verildi. İlin son oyun həftəsində liderlər mövqeyində dəyişiklik oldu. Tur eyni zamanda sürpriz nəticələrlə yadda qaldı. «Sabah»ın xal itirməsini gözləmək mümkün idisə də, «Qarabağ»ın qalib gələ bilməməsi əsl sensasiya oldu. Hər tur olduğu kimi bu dəfə də böyük hesablı nəticələr qeydə alındı. Bu mənada «Turan Tovuz» və austayder ROİL-in ağır məğlubiyyətlərini misal çəkmək olar.

 

Gəncə TİM – «Qəbələ» 0:4
Qollar: Ümid Həmzəyev, 8, 50; Mehrac Baxşəliyev, 19; Xəyal Səmədov, 52

 

14-cü turun ilk oyunu bazar ertəsi baş tutdu. «Qəbələ» Gəncədə yerli Gəncə TİM-nin qonağı oldu. Asan rəqiblə çətin meydanda keçirilən oyunda «Qəbələ» ardıcıl 10-cu qələbəsini 4 caabsız qolla qazandı. Xaqani Məmmədovun yetirmələri rəqibdən çox bərbad, palçıqlı durumda olan qazonla mübarizə aparmalı oldular. 
Meydan sahiblərinin baş məşqçisi İlham Səmədov qonaqların heyətində 2 qol vurmuş Ümid Həmzəyevlə müdafiəçi Ülvi Mədətovun oyunun daha çox bəyəndiyini söylədi. Qonaqların çalışdırıcısı Xaqani Məmmədov isə əvvəlcə meydanın durumundan şikayətləndi. Onun sözlərinə görə, bu amil hər iki komandaya normal futbol oynamağa imkan vermədi. Ölkədə futbolun inkişafından danışılırsa, ilk növbədə bu cür problemlər aradan qaldırılmalıdır. Gəncə TİM-nin heyətində fərqlənən futbolçulara gəlincə, Xaqani Məmmədov Sərxan Rüstəmovla Raul Əlizadənin adını çəkdi.

 

ROİL – «Zirə» 0:9

 

Ev oyunlarını Aviasiya Akademiyasının stadionunda keçirən «Zirə» bu dəfə meydana qonaq qismində çıxmışdı. Amma özünü qonaq kimi yox, əsl ev sahibi kimi apardı. Autsayderlə oyunda «Zirə» asanlıqla qələbə qazandı. Maraq üçün qeyd edək ki, bu komandaların 1-ci dövrədəki oyununda ROİL üçün bundan betər nəticə qeydə alınmışdı – 0:11.

 

Oyunun protokolunu əldə edə bilməsək də, fərqlənən futbolçuların adlarını öyrənə bildik. Vüsal Əliyevlə Məhəmməd Səfərov hərəsinə 2, Ərtoğrul Qulubəyli, Nurəli Nurəliyev, Peyman Səmədli, Elnur Mirzəyev və  Mahmud Ağayev isə 1 qol vurmaqla komandalarının qələbəsində pay sahibi oldular. ROİL-in baş məşqçisi Samir Əliyevin fikrincə «Zirə»nin heyətində ən yaxşı futbolçu kapitan Cəlal Hüseynov idi. Onun həmkarı Cəfər Hüseynov isə 9 qol buraxan komandadan nisbətən fərqlənən futbolçu kimi qapıçı Afiq Musayevin adını çəkdi. Əgər Afiq 10-a yaxın epizodda komandasını 100 faizli qoldan xilas etməsəydi, hesab daha faciəvi ola bilərdi. 

 

«Sabah» - «Səbail» 2:2
Qollar: Şahmar Aşurov, 51; Fərid İslamzadə, 53 – Rauf Ağasənov, 48; Nicat Quliyev, 60

 

Çempionluğa oynayan «Sabah» ağır zərbəni «Səbail»dən aldı. Oyunda vurulan bütün qollar 2-ci hissəyə təsadüf etdi. 48-ci dəqiqədə qonaqların hücumçusu, eyni zamanda çempionatın bombardiri Rauf Ağasənov cərimə zərbəsindən hesabı açdı. Bundan cəmi 3 dəqiqə sonra 3 dəqiqə kəsiyində  «Sabah» Şahmar Aşurov və Fərid İslamzadə ilə nəinki hesabı bərabərləşdirdi, hətta önə də keçdi. Amma komanda qələbə hesabını sona kimi qoruya bilmədi. Bu dəfə Nicat Quliyev cərimə zərbəsini gözəl yerinə yetirməklə yekun nəticəni müəyyən edən qola imza atdı.

 

«Sabah» 2 xalla yanaşı 2 futbolçusunu da itirdi. Hələ 1-ci hissənin əvvəlində komandanın kapitanı Əşrəf Zeynallının rəqiblə mübarizədə burnu sındı və o, «Sabah»ın U-15 komandasının kapitanı Elxan Zeynalabdınzadə ilə əvəzləndi. 11 dəqiqə sonra isə bu dəfə Elxan meydanı tərk etmək məcbüriyyətində qaldı. Həkimlər qolundan zədələnən Zeynalabdınzadənin biləyində sınıq aşkarladılar.

 

Heç-heçə «Sabah»ı buna kimi tutduğu 2-ci yerdən etdi. Bu pilləni «Keşlə»yə təhvil verən komanda hazırda 3-cü yerdə qərarlaşıb. 

 

Oyunun yaxşılarına gəlincə, «Sabah»ın baş məşqçisi İlqar Mənsimov «Səbail»dən Nicat Quliyevlə Rauf Ağasənovun, rəqibin məşqçisi Yaşar Abuzərov isə meydan sahiblərindən Fərrux Fərzəliyevlə Bəhruz Tanrıverdiyevin adını çəkdi.

 

«Neftçi» - «Sumqayıt» 1:0

 

Təəssüf ki, bu oyunun da protokolunu əldə edə bilmədik. Əldə etdiyimiz tək xəbər vurulan yeganə qolla bağlı oldu. O da tam yox. Qolun sumqayıtlıların öz qapılarına vurduqlarını öyrənsək də, müəllifin adını dəqiqləşdirmək məlum olmadı.

 

«Neftçi» İK İB – «Turan Tovuz» 6:0
Qollar: Aşkın Abəzərov, 15, 25; Anar Zamanov, 32; İlqar Kazımov, 47, 48; Ayxan Rəcizadə, 57

 

Tovuz təmsilçisi bu dəfə «Neftçi» İK İB-nin qarşısında aciz qaldı. Lökbatanlılar «Turan Tovuz»u 6 cavabsız qola qonaq etdilər. Maraq üçün qeyd edək ki, bundan əvvəlki Gəncə TİM və «Səbail»lə oyunlarda da «Turan Tovuz» qapısından 6 qol buraxmışdı. 

 

6:0-lıq hesab haqqında uzun-uzadı nəsə yazmağın mənası yoxdur. Bu matç barədə  oyunun seçilənlərini təqdim etməklə yekun vururuq – meydan sahiblərindən Kamran Baloğlanovla İlqar Kazımov, qonaqlardan isə Rufan Tomuyev.


«Viləş» - «Keşlə» 0:3
Qollar: Vaqif Həsənov, 6; Əbil Əbilov, 65; Nurban Səfərov, 72

 

Oyundan 1 gün əvvəl Masallıya yağış yağması meydanı palçıqlı vəziyyətə salmışdı. Bu da hər iki komanda üçün çətilnliklər yaradırdı. Bundan başqa daha çox yoncalığı xatırladan qazonun gələ-götür olması da normal futbol sərgiləməyə imkan vermirdi. Komandalar meydanda sanki futbol yox, tennis oynayırdılar. Hər halda, «Keşlə» ev oyunlarında inamlı təsir bağışlayan «Viləş»i məğlub edə bildi. 

 

Hesab erkən açıldı. 6-cı dəqiqədə Seymur Məmmədovdan ötürmə alan Vaqif Həsənov müdafiəçi və qapıçının inamsız oyunundan istifadə edərək ilk qolu vurdu. Fasiləyə kimi qapılar önündə xeyli təhlükəli vəziyyətlər yaransa da, qonaqlardan Kamal Kazımov, Əbil Əbilov, Elşən Məmmədov, Xəyal İbrahimov, meydan sahiblərindən isə Teymur Məmmədov əllərində düşən imkanlardan yararlana bilmədilər. Buraxılan qol azmış kimi, «Viləş» 24-cü dəqiqədə azlıqda qaldı. Vaqif Həsənovla mübahisə etdiyinə görə hakim Orxan Səfiyev «Viləş»in futbolçusu Ramiz Qasımovu meydandan qovdu, Vaqifə isə sarı vərəqə verdi. 

 

Azlıqda qalmasına baxmayaraq, «Viləş» elə futbol sərgiləyirdi ki, sanki tam heyətlə oynayır. Xüsusilə, 2-ci hissənin əvvəllərində masallılılar «Keşlə»nin qapısı önündə ard-arda 2-3 təhlükəli vəziyyət yaratdılar. Onlardan ən realı Bəhmən İbadovun əlinə düşdü. Qapıçı Azər Fərmanov ilə üz-üzə qalan Bəhmən çərçivəni dəqiq nişan ala bilmədi. Burada «vurmayana vurarlar» yazılmamış qanunu işə düşdü və 65-ci dəqiqədə Vaqifdən ötürmə alan Əbil komandasını rahatladan qolu vurdu. Bundan sonra daha bir neçə epizodda Vaqif Həsənov, Asif Səfərov, Elşən Məmmədovla qola yaxın olan «Keşlə» yalnız matçın başa çatmasına 8 dəqiqə qalmış 3-cü qolu vura bildi. Sonradan oyuna qoşulan Qurban Səfərov fərqləndi.

 

«Viləş»in baş məşqçisi Kənan Seyfullayev «Keşlə»dən 3 futbolçunu fərqləndirdi. Bunlar Vaqif Həsənov, Xəyal İbrahimov və Məhəmməd Tağıyevdi. «Keşlə»nin baş məşqçisi Xəyal Mustafayev isə «Viləş»dən Bəhmən İbadov, Anar Şirvanlı və Şahin Cavadovun digərlərindən daha çox seçildiynin söylədi.

 

İsgəndər Cavadov BFA – «Qarabağ» 2:2
Qollar: Şaban Qaflanov, 21; Xəzər Alızadə, 79 (pen.)– Fidayə Əzizov, 15; Zöhrab Əsədov, 80+1 (pen.)

 

Turun sensasiyası Abşeron OİK-nin meydanında gerçəkləşdi. Son vaxtlar özünə bənzəməyən «Qarabağ» autsayderlər qrupunda yer alan İsgəndər Cavadov BFA ilə oyunda vacib 2 xal itirdi. 

 

Amma oyun «Qarabağ» üçün yaxşı başlamışdı. 15-ci dəqiqədə Sahib Səmədovdan ötürmə alan Fidayə Əzizov «Qarabağ»ı hesabda irəli çıxarmışdı. Bundan 6 dəqiqə sonra isə Xəzər Alızadədən əla ötürmə alan Şaban Qaflanov bərabərliyi bərpa etmişdi.

 

Əsas hadisələr ikinci hissənin sonlarında cərəyan etdi. Matçın başa çatmasına 1 dəqiqə qalmış Fidayə Əzizov komandasına aid cərimə meydançası daxilində rəqib futbolçuya qarşı kobudluq etdiyinə görə həm meydandan qovuldu, həm də penaltiyə səbəb oldu. Xəzər Alızadə qapıçı Həsən Həsənli ilə mübarizədən qalib ayrıldı. Gəl ki, qələbənin 1 addımlığında olan İsgəndər Cavadov BVA lazım olan hesabı axıra kimi qoruyub saxlaya bilmədi. Hakimin matçın əsas vaxtına artırdığı 4 dəqiqənin birincisində «Qarabağ» Zöhrab Əsədovun sayəsində məğlubiyyətdən xilas oldu. 

 

Bu oyunda ən yaxşılar «Qarabağ»dan Fidayə Əzizov, İsgəndər Cavadovdan isə Xəzər Alızadə oldular. Təbii ki, rəqib komandaların baş məşqçiləri Qəhrəman Əliyevlə Asif Əlizadənin fikrincə.

 

Bu turdan sonra çempionatda 1 aylıq fasilə yarandı. U-16 Liqasında 15-ci tur yanvarın 24-də keçiriləcək: «Səbail» - «Neftçi» İK İB, «Turan Tovuz» - İsgəndər Cavadov BFA, «Qarabağ» - «Viləş», «Keşlə» - «Neftçi», «Sumqayıt» - ROİL, «Zirə» - «Qəbələ», «Sabah» - Gəncə TİM.

 

Bombardirlər: Rauf Ağasənov («Səbail») – 16 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 15 qol.

 

«Het-trik news»



Digər xəbərlər

Xəbər xətti