Azərbaycanlı futbolçunun ölümünə səbəb olan sürücü barədə məhkəmə qərarı

16:00 31 Dekabr 2018

Binəqədi Rayon Məhkəməsində iki nəfərin ölümünə səbəb olan sürücü Fəxrəddin Bəşirovun həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, hakim Fərrux Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, vəsatət təmin edilib, F.Bəşirovun həbs müddəti iki ay artırılıb.

 

Qeyd edilib ki, bu il oktyabrın 2-si saat 10:00 radələrində Sumqayıt şəhər sakini Bəşirov Fəxrəddin Asif oğlu idarə etdiyi "İsuzu” markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Binəqədi rayonu, Novxanı qəsəbəsi, Dəniz Kənarı küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Qasımov Ayxan Xəyyam oğlu və Bayramov Rasim Vüqar oğlunu vurub, nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

 

Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

F.Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Xatırladaq ki, qəza nəticəsində dünyasını dəyişənlərdən biri – A.Qasımov "Sumqayıt"ın U-15 komandasında çıxış edirdi.


Digər xəbərlər

Xəbər xətti